İMPERİYANIN QRİMASLARI


(Litva jurnalisti  Kestutis Oginskasın qadağan edilmiş “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfovla müsahibəsi. Yanvar 1990-cı il)

Bakıda olarkən, onlarla, bəlkə də yüz dəfələrlə eşitdim ki, mərkəzi qəzetlər və televiziya yalan danışır, Azərbaycan hadisələri barədə təhrif edilmiş və birtərəfli informasiya təqdim edirlər.

Belə ki,  rəsmi informasiya kanalları ilə ancaq rəsmi informasiya yayımlanır. Rəsmi informasiya isə hərbi komendantın ötürdüyü informasiya sayılır. Küçələrdə əhalidən tamam başqa şeylər eşidirsən.

Onlar biri digərinin sözünü kəsə-kəsə və coşa-coşa danışırlar, müxtəlif rəqəmlər təqdim edirlər, hansı ki, həmin rəqəmlər rəsmi statistikanın açıqladığı rəqəmlərdən fərqlidir və min dəfə seçilir.

20 yanvar hadisələrindən bir həftə ötməsinə baxmayaraq, Bakı şayiələr şəhərini xatırladırdı. Qəzetlər çıxmırdı, televiziya hətta “zolaqlı zastavka”nı da göstərmirdi. Radio isə yalnız matəm musiqisini və komendant xəbərlərini translyasiya edirdi. Fantastik məlumatlar dərc edilmiş mərkəzi qəzetlər arabir Moskvadan buraya da gəlib çatırdı. Litvada eyni mövzu ilə bağlı bir neçə fikir və rəyləri dinləməyə vərdiş etdiyimizə görə, burada gərgin informasiya  müxtəlifliyindən istirahət etmək üçün ağla sığmayan bir imkan yaranmışdı. Lakin, sən demə, informasiya aclığı onun çoxluğundan daha pis imiş. Ona görə də, Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə görüşmək üçün uzun müddət idi ki, münasib fürsət axtarırdıq.

necef

20 yanvar hadisələrindən dərhal sonra cəbhəçiləri  “ovlamağa” başlamışdılar. Bu səbəbdən, Xalq Cəbhəsinin fəalları gizlənir və evlərində gecələmirdilər. Aydındır ki, onlar hətta rəsmi görüşlərdən də çəkinirdilər. Odur ki, cəbhəçilərin iştirakı ilə keçirilən mətbuat konfransları barədə heç soruşmağa dəyməzdi. Qadağan olunmuş “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfovla gizli şəraitdə görüşdük. Bizi bir binanın əyri-üyrü dəhlizləri ilə gizlicə və uzun-uzadı apardılar, kiçik bir otağa buraxmazdan əvvəl bizi müşayiət edənlər bir daha ətrafı diqqətlə yoxladılar. Nə etməli, bunu konspriasiya tələb edirdi. Qadağan edilmiş qəzetin redaktoru Azərbaycan göylərində çaxan gurultulardan – tankların və yalan məlumatların uğultularından çox yorğun görünürdü. Nəcəf Nəcəfov öz fikir və mülahizələrini yalnız belə bir qeyi-adi vəziyyətdə və gizli şəraitdə deyə bildiyi üçün xüsusən də üzüntülü idi ki, Onunla müsahibəyə belə bir sualla başladıq:

Bakıda və bütün Azərbaycanda nələr baş veribdir və indi nə kimi hadisələr davam etməkdədir?

Respublika Ali Sovetinin xəbəri olmadan və hətta onun fikrini soruşub öyrənmədən ordu Azərbaycana soxulubdur, – redaktor ağır-ağır bu sözləri dedi və tələsmədən üç jurnalistin iştirak etdiyi mətbuat konfransına başladı. Hərbi təcavüz zamanı yüzlərlə insan həlak olubdur. Onların arasında qadınlar və uşaqlar da vardır. Ordu xəbərdarlıq etmədən soxuldu, piketçiləri və yaşayış binalarını atəşə tutdu, insanları tanklarla əzdi. Elə şəhidlər vardır ki, öz mənzillərində qətlə yetiriliblər. Bütün bunlar haqqında dünya bilməlidir. Bu qırğın törədiləndə Bakıda millətlərarası toqquşmalar artıq sakitləşmişdi və daha ordu yeritmək lazım deyildi. Onlar belə bir addıım atmaqla yalnız xalq hərəkatını boğmaq məqsədini güdüblər.

Nə qədər insan tələfatı vardır?

Bilirsiniz, şəhid olmuşların sayı ilə ümumi tələfatın miqyasını ölçmək düzgün olmazdı. Olduqca çoxlu sayda insan həlak olub, müxtəlif mənbələrə əsaslanaraq demək olar ki, mindən artıq adam şəhid olubdur.

Ölüm maşını çox böyük bir peşəkarlıqla işə hazırlanmışdı, əsgərlər yaralılara rəhm etmirdilər, təcili yardımı onlara yaxın qoymurdular, hətta həkimləri də vururdular, küçələrdə səpələnmiş meyitləri yük maşınlarına doldurub aparırdılar. Elə hallar olubdur ki, insanlar qırğın  yerindən avtobusla uzaqlaşmaq istəyəndə, maşını gülləyə basıb deşik-deşik ediblər…

İsrar edirlər ki, Azərbaycan Xalq Cəbhəsi silahlı müqavimət təşkil etmişdi və buna görə də şəhidlərin sayı çoxdur…

Sov.İKP MK-nın şöbə müdirinin müavini Mixaylov ordunun soxulmasına bir gün qalmış televiziya ilə çıxış edərək Azərbaycan xalqını və Xalq Cəbhəsini inandırırdı ki, Bakıya qoşun yeridilməyəcək və komendant saatı da təyin olunmayacaqdır. Yanvarın 17-də Bakı ictimaiyyəti ilə görüşmüş Yevgeni Primakov da təsdiq edirdi ki, Bakıda komendant saatı olmayacaq. Bu gün biz bütün bu vədlərin real nəticələrini görürük.

Camaat isə bilirdi ki, ordu artıq şəhərin yaxınlığında durubdur. Odur ki, onların qurduqları piketlər silahlı müqavimət göstərmək məqsədini güdmürdü. Kiçik dəstələr xalqın əzm və iradəsini nümayiş etdirmək məqsədi ilə təşkil edilmişdi və bu, rəmzi məna daşıyan bir aksiya idi. Avtolardan düzəldilmiş səddlər də simvolik məna daşıyırdı. Və unutmaq lazım deyil ki, əhalini ordunun yerindən tərpənməyəcəyi barədə inandırmışdılar.

Həmin günlərdə bəs Xalq Cəbhəsi nə edirdi? Onun konkret fəaliyyət proqramı vardımı?

Biz Sovet hökumətinin təbliğ etdiyi humanizmə inanmışdıq. Belə zənn edirdik ki, əgər, insanlar ordunun yeridilməsinə etiraz edərək küçələrə çıxsalar, bu, silahlı müdaxilənin qarşısını almaq üçün kifayət edəcəkdir. Bununla bərabər qeyd etməliyəm ki, o zaman Azərbaycanda elə bir siyasi qüvvə yox idi ki, azərbaycanlıları evlərindən bayıra çıxmamağa məcbur edə bilsin. Hətta, Xalq Cəbhəsi də heç nə edə bilməzdi. Çünki, xalq Bakıya ordu yeridilməsi əleyhinə böyük bir qətiyyətlə köklənmişdi.

Bəlkə doğrudan da silahlı müqavimət göstərməyə cəsarət edən “ekstremist” qüvvələr vardı?

Bax elə burada Yazovun nağılı başlanır. O nağılı həm bizə, həm də sizə danışırlar. Yazov Bakıda yerləşdirilmiş və ordunun qabağına silahla çıxmış qırx min nəfərdən ibarət döyüşçü dəstələri barədə zəvzəkləyir. Özünüz fikirləşin, əgər, doğrudan da 40 min nəfər döyüşçü olsaydı, onda yalnız bir neçə hərbçi həlak olmazdı, məhv edilmişlərin sayı müqayisə olunmaz dərəcədə çox olardı.

Bakıya hücum etmək əmrini kim veribdir?

Bilirsiniz, hücum əmrinin kim tərəfindən verilməsi bir o qədər mühüm əhəmiyyət kəsb etmir, vacibi odur ki, ordu şəhərə hansı üsullarla yeridilibdir. Ordunun yeridilməsi və komendant saatının təyin edilməsi üçün respublika Ali Sovetinin razılığı alınmamışdı. Xüsusən də, qəzəbə səbəb olan hal ondan ibarətdir ki, SSRİ Ali Soveti sədrinin Bakıda fövqəladə vəziyyət elan etməsi haqqında verdiyi fərman, guya, Konstitusiyaya əsaslanaraq qəbul edilibdir. Bu, tamamilə absurddur.

Bü gün Lənkərana da qoşun yeridildi. Bu, hansı bir planın tərkib hisəsi ola bilər?

Plan çox sadə düşünülübdür: ilk öncə Azərbaycanda, sonra isə bütün ölkədə xalq hərəkatlarını yatırmaq. Həmçinin, Baltikyanı respublikalarda da. Bu gün Mərkəzin qurduğu plan artıq aydındır. Həmin plana görə əvvəlcə Qarabağ problemi “yaradıldı”, bu yolla Azərbaycan və erməni xalqlarını qızışdırıb təhrik etdilər. Gürcüstan, Moldava və Baltikyanı respublikalarda isə xalqları bir-biri ilə toqquşdurmaq planı alınmadı. Baxmayaraq ki, bunun üçün açıq-aydın cəhdlər göstərdilər. Odur ki, bu, köhnə və məlum plandır. Yəni, parçala və hökm sür! Bilirsiniz, Azərbaycanda bu baxımdan vəziyyət bir qədər fərqli idi. Xalq Cəbhəsi gücləndikcə, hökumətin tamamilə satqın və aciz olduğu üzə çıxdı. Xalq gözlərini geniş açdı və ona görə də hökumət xalq üçün mənasız bir quruma döndü. İmperiya isə bütün SSRİ xalqlarına göstərdi ki, hər bir kəs demokratiya ideyalarına inanıb hərəkət edərsə, nəticədə onu nə gözləyir.

Bəlkə M. Qorbaçov Azərbaycanda mövcud olan vəziyyət barədə düzgün məlumatlandırılmamışdı?

İnanmaq çətindir ki, o cür bir dövlətin rəhbəri uzun müddət ərzində təhrif edilmiş məlumatlar almış olsun. Görünür ki, o, burada nələr baş verdiyini bilirdi. Və Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi barədə qərarı da Qorbaçov ölkənin prezidenti olaraq imzalayıbdır. Odur ki, baş vermiş hadisələr üçün məhz o, məsuliyyət daşıyır. Qorbaçov xalqlara demokratlaşdırılma ideyalarını sırıdı. Lakin, imperiyanın dağılmasına heç bir vəchlə yol vermək istəmədi. Zor nümayiş etdirmək lazım gəldi və o, bunu etdi. Bakı hadisələrinə qədər bizim xalq və Xalq Cəbhəsi Qorbaçovu dəstəkləyirdi. Yalnız, onun Qarabağ problemini necə izah etməsi ilə razı deyildik. Biz Qorbaçova valeh olmuşduq. Başımıza gətirilən bəlalardan sonra, Qorbaçova münasibətimiz büsbütün dəyişibdir.

Sizin üçün indi nə daha vacibdir: müstəqillik uğrunda mübarizə aparmaq və yaxud Qarabağ problemini həll etmək?

Hər iki anlam, – Müstəqillik və Qarabağ – Azərbaycan üçün bir-birinə yaxın olan anlamlardır. Biz öz torpaqlarımızda azad yaşamaq istəyirik. Xüsusən də, heç kəsə ərazi iddialarımız yoxdur. Qarabağ hadisələrinin başlanğıcında öz xalqına xəbərdarlıq edən görkəmli erməni yazarı Paruyr Hayrikyan haqlı idi. P. Hayrikyan o zaman ermənilərə belə deyirdi:

“Sizin düşməniniz Azərbaycan deyildir. Düşməniniz imperiyadır. İmperiya aranızda nifaq salır ki, gücünüzü parçalaya bilsin”.

respubli1

Təəccüblüsü budur ki, P. Hayrikyan tez bir zamanda SSRİ-dən sürgün edildi. Əgər, Ermənistanda bizim eyni cəbhədən çıxış etməyimizə mane olmaq üçün qonşu xalqların arasına nifaq salınmasını başa düşən qüvvələr varsa, həmin qüvvələrlə mütləq dialoqa girmək lazımdır. Amma, imperiya bunun qarşısını almaq məqsədi ilə əlindən gələn hər şeyi edəcək.

Azərbaycan və Ermənistan xalq cəbhələri təmsilçilərinin Riqada danışıqlar masası arxasında oturdulması ilə bağlı göstərilmiş təşəbbüsə görə Baltikyanı respublikaların xalq hərəkatlarına təşəkkürümü bildirmək istərdim. Azərbaycan Xalq Cəbhəsi liderlərinin çoxusu Latviyaya gedə bilmədilər, çünki, biz indi burada xalqla bir yerdə olmalıyıq.

Müqavimətin hansı formalarını seçəcəksiniz?

Biz bu cür hadisələrə hazır deyildik. Silahlı müqavimət göstərmək yolverilməzdir. Çünki, ordu ilə vuruşmaq mənasızdır. Qalır iqtisadi mübarizə üsulları. Və məhz həmin üsullardan istifadə edəcəyik. Ordu çıxarılmayınca işləməyəcəyik. Bununla yanaşı, indi camaat kütləvi şəkildə kommunist  partiyası sıralarından çıxırlar.

İslam yalnız dini yox, həm də dünyabaxışı  bucağı altında bu proseslərdə nə kimi rol oynayır?

Azərbaycanda xalq hərəkatını boğmaqdan əvvəl, ictimai rəyi hazırlamaq lazım idi. Və Mərkəz buna nail ola bildi. Xristian aləmini təşvişə salmaq üçün islam faktoru şişirdildi. Hərbçilər ailələrini köçürməyə başladılar. Onda ruslar arasında vahimə yarandı və onlar Bakını tərk etməyə başladılar.

Azərbaycan guya dinc erməni kəndlərinə həmlələr edən silahlı təcavüzkar kimi səciyyələndirilib. Bu təbliğat üsulu ilə beynəlxalq ictimaiyyət arasında Azərbaycana qarşı mənfi münasibətin formalaşması üçün möhkəm zəmin yaradılmışdı. Baxmayaraq ki, Azərbaycan Xalq Cəbhəsinin on beş liderindən yalnız üç nəfəri mömindir. Belə təqribi kəmiyyət münasibəti Cəbhənin Məclis üzvlərinə də aiddir. Əgər, 7 milyona yaxın əhalisi olan Azərbaycanda vur-tut iyirmi məscid tapa bilsək, onda islam faktorundan danışmağa dəyərmi? Məsələn, Bakıda cəmi iki məscid fəaliyyət göstərir. Lənkəran zonasında, harada ki, çoxlu sayda dindar yaşayır, heç məscid yoxdur.

Azərbaycanda yaxın gələcəkdə olacaq hadisələrə proqnoz verə bilərsinizmi?

Hərbi qüvvələrin eskalasiyası davam etdiriləcək. Mərkəz “a” dedikdən sonra “b” də deyəcək. Repressiyaları artırmaq üçün “səbəb” tapacaqlar. Baxmayaraq ki, Lənkəranda ermənilər yaşamır və burada erməni talanları olmayıbdır, oraya da ordu yeridildi. Bu hal, eynilə respublikanın digər rayonlarında da aiddir. Gördüyünüz kimi, proqnoz bədbin proqnozdur.

Azərbaycanda xalq müqaviməti vətəndaş müharibəsinə çevrilə bilərmi?

Təsir həmişə əks-təsir doğurur. Harada ki, təcavuz edilir, orada həmişə müqavimət göstərən insanlar olacaqlar.

Bildiyimizə görə, İran Bakı hadisələri ilə bağlı etirazını bildiribdir?

Bəli, İran parlamenti öz mövqeyini izhar edib. Lakin, bu, azdır. Qətiyyətli hərəkətlər etmək lazımdır. Avropadan dəstək almağa heç bir ümidimiz yoxdur. Həm İran, həm də Türkiyə real dəstək verməyəcək. Yeganə ümidimiz onunla bağlıdır ki, Sovet imperiyasının demokratik qüvvələri öz sözünü desinlər. Heyhat, həmin imperiya ki, bizi əzib darmadağın etdi.

Əvvəl-axır, dünya bu hadisələr barədə həqiqəti biləcək və fikrini dəyişəcək. Lakin, ola bilsin ki, o zaman aləm artıq gecikmiş olacaq.

Sovet İttifaqı hökuməti tərəfindən tanklardan başqa hər hansı digər bir yardım almısınızmı?

Gürcüstan bizə bir maşın dava-dərman göndərdi. Lakin, hərbçilər onu rekvizə etdilər və dedilər ki, onların arasında da xəsarət alanlar və şikəst olanlar vardır.

Şəxsən Sizin üçün həbs olunmaq təhlükəsi varmı?

Bəli, məni həbs oluna bilərəm.

Deməli, Xalq Cəbhəsi qanundan kənar elan olunubdur?

Xalq Cəbhəsi qanundan kənar elan olunmayıbdır. Ancaq, bu təşkilata qarşı bir sıra aksiyalar həyat keçirilib: Xalq Cəbhəsinin ofisi və qəzetinin redaksiyası darmadağın olunaraq talan edilibdir. Həbslər aparılır və cəbhəçilər çox vaxt evlərində gecələmirlər.

Qəzetinizi gizli şəraitdə buraxmaq barədə düşünmürsünüz?

Bu, indiki zamanda həddindən artıq təhlükəli bir iş olardı. Heç bir təqsiri olmayan insanların azadlığını risk altında qoymaq istəmirik və buna görə də müəyyən müddətə redaksiya öz fəaliyyətini dayandırıbdır.

Müsahibəyə görə təşəkkür edirik.

XXX

Litva dilindən tərcümə edəni Mahir Həmzəyev.

Litva azərbaycanlıları cəmiyyətinin sədri,

Azərbaycanın əməkdar jurnalisti.

Vilnüs, 18-19 yanvar 2012-ci il.

print

Prisijunkite prie diskusijos

El. pašto adresas nebus skelbiamas. Būtini laukeliai pažymėti *