„Eurovision-2012″nin Azərbaycanda yüksək səviyyədə təşkilinə əminik”
Ölkəmizdəki tolerantlıq və çoxkonfesiyalılıq isə xüsusilə vurğulanır
Azərbaycanda artıq „Eurovision-2012” mahnı müsabiqəsinin hazırlıqlarına start verilib. Bu məqsədlə prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi də yaradılıb və ciddi işlərə start verilib. Bu məsələyə Avropanın bir çox dövlətlərinin mətbuat orqanları böyük maraq göstərməkdədirlər.
Artıq silsilə məqalələr də dərc olunur. Onu da bildirək ki, növbəti müsabiqənin Azərbaycanda təşkil olunması bir çox dövlətlər, tanınmış şəxslər, həmçinin ictimai-siyasi xadimlər tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bununla belə, Azərbaycanın bu müsabiqənin təşkili ilə bağlı gördüyü işlərə kölgə salmaq istəyən qüvvələr də tapılır. Lakin ölkəmiz bu istiqamətdə atdığı addımlarla həmin əsassız fikirlərə tutarlı cavablar verməkdədir. Qeyd edək ki, Azərbaycan dünyada tolerant, qonaqpərvər ölkə kimi ad çıxarıb. Bu baxımdan „Eurovision” mahnı müsabiqəsinə qatılan ölkələrdə Azərbaycan barədə hansı təsəvvürlərin mövcud olması sadə vətəndaşlarımızda da ciddi maraq doğurur. Bunu nəzərə alaraq iştirakçı dövlətlərin ictimai xadimlərinin ölkəmiz, „Eurovision-2012″nin Azərbaycanda təşkilinə dair fikirlərini öyrənməyə çalışdıq.
www.slaptai.lt portalının baş redaktoru Qintaras Visoskas: „Mütləq Bakıya gələcəm. Sizin dağlarınızı, toylarınızı, hansısa bir kəndinizdə qədim adət-ənənələrinizi, qəbiristanlıqlarınızı, memarlıq incilərinizi görməyi çox istəyərdim”
„Eurovision” mahnı müsabiqəsinə qatılan dövlətlərdən biri də Litvadır. Bu ölkədə fəaliyyət göstərən tanınmış „www.slaptai.lt” portalının baş redaktoru, ekspert Qintaras Visoskas isə „Həftə içi” nə açıqlamasında bu mahnı müsabiqəsinin Bakıda təşkil edilməsi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bir dəfə də olsun ölkəmizdə qonaq olmasına baxmayaraq, Azərbaycan haqda geniş təsəvvürə və böyük rəğbətə malikdir: „Orada olmağı çox istərdim. Ölkəniz barədə ən çox məlumatı ümumi faciəniz olan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu biləndən sonra öyrəndim. Faciəniz, qadınlarınız və uşaqlarınızın qətlə yetirilməsi, hücuma məruz qaldığınız barədə bütün həqiqətləri öyrəndikdən sonra ölkəniz barədə bütün xəbərləri izləməyə çalışıram. Litvada türklər və azərbaycanlıların təşkil etdiyi bütün tədbirlərə qatılıram”. Onun sözlərinə görə, Azərbaycanın „Eurovision-2012” mahnı müsabiqəsini yüksək səviyyədə təşkil edəcəyinə heç bir şübhə yoxdur. Azərbaycanın böyük potensialı var. Burada çox sayda gənc nəsil yetişir: „Mahnı müsabiqəsini çox yaxşı təşkil edəcəyinizə inanmağım həm də sizin Azərbaycanı ayaqları üstə daha möhkəm dayanmasına necə də çalışmanızdan xəbərimin olmasına görədir”. Litvalı jurnalistin sözlərinə görə, bu cür müsabiqələr tək Amerika və Avropada yox, Bakıda – Azərbaycanda da təşkil olunmalıdır: „Qazaxıstanda, Qırğızıstanda səfərdə olarkən, Qafqazda yaşayarkən müsəlmanlar barədə çox şey öyrənmişəm. Onların tolerantlığı, başqa dinlərdən, millətlərdən olanlara necə hörmətlə yanaşmasından xəbərdaram. Mənim müsəlmanlar arasında çox yaxşı dostlarım var. O cümlədən, azərbaycanlılarla da dostluq edirəm. Ona görə də fikirləşirəm ki, müsabiqənin Azərbaycanda keçirilməsi məntiqlidir. Bundan əlavə, siz qalibsiniz, sizin mahnını eşitmişəm. Çox xoşuma gəldi, ürəkdən təbrik edirəm. Əgər səsvermək imkanım olsaydı, Bakıya səs verərdim. Ən azından ona görə ki, Avropanın ölkənizlə daha çox maraqlanması, Azərbaycanla bağlı prosesləri daha dərindən araşdırmasının vaxtı çatıb”. Jurnalist həmkarımız, litvalı klassik yazıçı Vinças Krevenin vaxtilə yaşadığı Bakını görməyi çox arzuladığını söyləyib: „Mütləq Bakıya gələcəm. Sizin dağlarınızı, toylarınızı, hansısa bir kəndinizdə qədim adət-ənənələrinizi, qəbiristanlıqlarınızı, memarlıq incilərinizi görməyi çox istəyərdim. Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumat toplamaq, ordunuzun hazırlığını görmək, jurnalistlər və siyasətçilərinizdən müsahibələr götürmək çox yaxşı olardı”.
İsrailin Bakıdakı keçmiş səfiri Artur Lenk: „Azərbaycanın və onun xalqının mənim və ailəmin ürəyində çox isti yeri var. Vaxtilə mənim Azərbaycanda bir çox dostlarım olub, tez bir zamanda oranı ziyarət edəcəyimizə ümid edirik”
Azərbaycanda işləmiş diplomatların bir çoxunun ölkəmiz haqqında hansı fikirdə olduqları da maraq doğurur. Bu məqsədlə İsrailin Bakıdakı keçmiş səfiri Artur Lenkin də ölkəmiz barədə fikirlərini öyrənməyə çalışdıq. Ona Azərbaycanın bu müsabiqədə qalib gəlməsi və bir sıra suallar ünvanladıq. Lakin səfir geniş müsahibəyə vaxtının olmaması səbəbindən fikirlərini sadəcə, bir neçə cümlə ilə bölüşdü: „Azərbaycanın və onun xalqının mənim və ailəmin ürəyində çox isti yeri var. Vaxtilə mənim Azərbaycanda bir çox dostlarım olub, tez bir zamanda oranı ziyarət edəcəyimizə ümid edirik”. Təbii ki, bu cür fikirlərin İsrail kimi dövlətin diplomatının dilindən eşitmək çox xoşdur. Əgər bir neçə il burada yaşadıqdan sonra diplomatın ürəyində ölkəmizə qarşı belə bir bağlılıq yaranırsa, deməli Azərbaycanın bütün dünyaya örnək ola biləcəyi tolerantlıq ənənələrini danmaq qara qüvvələrə nəsib olmayacaq.
Avstriyanın Bakıdakı səfiri Silviya Mayer Kibiç: „Bu, „Eurovision” üçün özünü Avropada yaxşı mənada göstərməsi üçün böyük imkandır. Əminəm ki, Azərbaycan da bu şansdan istifadə edəcək. Azərbaycanda prezidentdən sıravi vətəndaşa qədər hamı bunu bilir və „Eurovision”a hazırlaşır. Fikrimcə, Azərbaycan gələn il Avropada özünü layiqincə göstərəcək”
Avstriyanın Bakıdakı səfiri Silviya Mayer Kibiçin sözlərinə görə isə ölkəsi Azərbaycanın Avropanın ən böyük mahnı müsabiqəsini təşkil etməyə hazır olduğu qənaətindədir: „Bu, „Eurovision” üçün özünü Avropada yaxşı mənada göstərməsi üçün böyük imkandır. Əminəm ki, Azərbaycan da bu şansdan istifadə edəcək. Azərbaycanda prezidentdən sıravi vətəndaşa qədər hamı bunu bilir və „Eurovision”a hazırlaşır. Fikrimcə, Azərbaycan gələn il Avropada özünü layiqincə göstərəcək”.
Qeyd edək ki, Azərbaycanın tolerant və qonaqpərvərliyini sübut edən digər bir amil də Bakıda tez-tez dünya mədəniyyətləri, sivilizasiyaları arasında dialoqa dair beynəlxalq görüşlərin, tədbirlərin keçirilməsi, ölkəmizə gəlmiş yüzlərlə yüksək vəzifəli şəxsin, diplomatların, din xadimlərinin buradan öz ölkələrinə məmnunluq hissi ilə qayıtmalarıdır. Bu toplantılara qatılan hər bir alim, siyasətçi və ictimai xadim ölkəmiz barədə obyektiv mövqeyə malikdirlər. Belə şəxslərdən biri də Qahirə Universitetinin Sivilizasiyalararası dialoq mərkəzinin direktoru Pakinam Şərqavidir. Onun sözlərinə görə, Azərbaycan xalqı zəngin mədəni irsə və yüksək əxlaqı keyfiyyətlərə malikdir. Qeyd edək ki, dünyaca məşhur bir təhsil ocağının aparıcı mütəxəssislərindən sayılan Şərqavi indi də Misirdə və səfər etdiyi ölkələrdə Azərbaycanın gözəl tolerantlıq nümunəsi olduğunu qətiyyətlə söyləyir: „Mən cari ilin aprel ayında Bakıda keçirilmiş beynəlxalq mədəniyyətlərarası forum çərçivəsində Azərbaycana gəldim. Bu müddətdə ölkənizin sürətli və hərtərəfli inkişafının bir daha şahidi oldum. Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqda fəal rol oynayır”.
„İzrus” portalının baş redaktorunun müavini, yəhudi ekspert Aleksandr Qoldenşteyn: „Azərbaycan „Eurovision-2012″ mahnı müsabiqəsini Almaniya, İsrail və Rusiyadan heç də pis qəbul etməyəcək. Əminəm ki, 2012-ci ildə ölkəniz çox gözəl bir şou təşkil edəcək. Azərbaycanın buna tam potensialı var”.
„İzrus” portalının baş redaktorunun müavini, yəhudi ekspert Aleksandr Qoldenşteyn isə „Həftə içi”nə açıqlamasında vurğulayıb ki, Azərbaycan „Eurovision-2012” mahnı müsabiqəsini Almaniya, İsrail və Rusiyadan heç də pis qəbul etməyəcək. Bu mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunacağına inanır: „Hadisələrin əks istiqamətdə inkişafı üçün heç bir səbəb görmürəmg Əminəm ki, 2012-ci ildə ölkəniz çox gözəl bir şou təşkil edəcək. Azərbaycanın buna tam potensialı var”. Qoldenşteyn bəzi şəxslərin bu müsabiqənin Azərbaycanda təşkil oluna bilməyəcəyinə dair səslənən bəzi fikirlərin heç bir əsası olmadığını da bildirib: „Bilmirəm, Azərbaycanın bu müsabiqəni qəbul edə bilməyəcəyi fikirlərini kim səsləndirir. Ancaq İsraildə bu cür düşünənlər dəqiq deyə bilərəm ki, yoxdur”. Azərbaycan barədə fikirlərinə gəldikdə isə Qoldenşteyn artıq bir dəfə Bakıda olduğunu söyləyib. Onun sözlərinə görə, Bakıya xarici işlər naziri Aviqdor Libermanın səfəri zamanı gəlib. Lakin vaxt çox az olduğu üçün yalnız parlament, Xarici İşlər Nazirliyi və Şəhidlər Xiyabanına baş çəkməklə səyahətlərini başa vurublar: „İnanıram ki, ölkənizə yenidən gələrək daha uzun müddətə qalacam və Bakı, bir sıra digər şəhərlərinizlə yaxından tanış olmaq imkanı qazanacağam”.
Foto: www.slaptai.lt portalının baş redaktoru Qintaras Visoskas
Həftə içi qəzeti
http://www.hafta-ichi.com/v4/2011/05/27/read=64121
2011.05.27