Bakıda Litva konsulluğunun təsis edilməsi hər iki dövlət üçün əhəmiyyətli hadisə idi. Unutmaq olmazdı ki, müstəqilliyin yalnız elan edilməsi ilə iş bitmirdi.
Həm Litva, həm də ki, Azərbaycan beynəlxalq aləmdə müstəqilliklərinin de-yure tanınması üçün səylər göstərirdilər. Həmçinin, məhz bu səbəbə görə, Xarici işlər naziri M.Y. Cəfərovun Litva konsulluğunun təsis edilməsi ilə bağlı Milli hökumətə 1919-cu ilin martında ünvanladığı təqdimat belə bir cümlə ilə bitirdi:
“…Zənn edirəm ki, müqəddəratını təyin etmiş xalqların beynəlxalq əlaqələrinin inkişafına dəstək verməklə, biz eyni zamanda Respublikamızın da beynəlxalq münasibətlər sahəsində nüfuzunun artmasına şərait yaratmış oluruq…”
Müstəqilliyin tanınması yolunda birgə fəaliyyət
Lakin geniş və siyasi mənada müstəqilliyin gələcəyi nə Bakıda, nə də ki, Vilnüsdə həll olunmurdu. Bütün yolların Romaya aparması barədə qədim və populyar bir deyimə iqtibasən cəsarətlə söyləmək olar ki, o zaman yeni yaranmış müstəqil dövlətlərin tanınması yolları Parisdən, daha doğrusu onun yaxınlığında yerləşən məşhur Versal sarayından keçirdi.
Birinci Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə Antanta ölkələri və ABŞ Parisdə sülh konfransı çağırdılar. 27 ölkənin təmsil olunduğu bu Konfrans 1919-cu ilin yanvarın 18-dən 1920-ci ilin yanvarın 21-nə kimi davam etdi. Litva Paris konfransına dəvət olunmamışdı. Buna baxmayaraq, Litva dövləti öz maraqlarını dolayı yolla da olsa müdafiə etmək məqsədi ilə Konfransa təmsilçilərini göndərmişdi. Həmin nümayəndə heyətinə Litva Respublikasının Xarici işlər naziri Augustinas Voldemaras (1883-1942) rəhbərlik edirdi.
Müharibə qaliblərini keçmiş Rusiya imperiyasının ucqarlarını müstəqil dövlətlər olaraq tanımaqdan çox, müharibədən sonrakı Avropanın taleyi ilə bağlı daha vacib qayğılar narahat edirdi. Sözün düzünü desək, Qərbin böyük dövlətləri və ABŞ həm Azərbaycanın, həm də ki, Litva müstəqilliyinin perspektivini nə görür, nə də ki, görmək istəyirdilər. Onlar Litvanın gələcəyi ilə bağlı ssenarinin iki variantını cızmışdılar: Litva ya bolşeviklərdən azad edilmiş “vahid və bölünməz” Rusiyanın tərkibində qalmalı, ya da Polşaya birləşdirilməli idi. İmperiyanın qorunub saxlanılmasının əleyhinə olan Azərbaycan eyni zamanda Litvanın Polşanın protektoratına çevrilməsinin əleyhinə idi.
Litva isə Azərbaycanı elə o zaman yerləşdiyi ərazi çərçivəsində müstəqil dövlət kimi tanıyır və dəstəkləyirdi. Ona görə də, böyük dövlətlərin yenicə yaradılmış kiçik ölkələr ətrafında yaratdıqları laqeyd münasibətlər buzunu qırmaq üçün həm Litva, həm də ki, Azərbaycan Rusiya imperiyasından xilas olub müstəqil dövlət qurmağa çalışan digər xalqlarla – latışlar, estonlar, ukraynalılar, Şimali Qafqaz xalqları, gürcülər və başqaları ilə birgə hərəkət etməli idi.
1919-1920-ci illərdə Litva və Azərbaycan keçmiş Rusiya imperiyasının kənarlarında dövlət müstəqilliklərini təzəcə elan etmiş digər ölkələrlə birgə bir neçə dəfə bu istiqamətdə diplomatik səylər göstəribdir. Biz bunu deyərkən ilk növbədə, müstəqilliklərini yenicə elan etmiş dövlətlərin Paris sülh konfransındakı nümayəndə heyəti üzvlərinin, müstəqilliyin tanınması ilə bağlı Versal sülh konfransının sədrinə, müttəfiq ölkələrin Ali Şurasına və İtaliya Parlamentinə 1919-1920-ci illərdə ünvanladıqları birgə deklarasiyaları və digər kollektiv müraciətləri nəzərdə tuturuq. Həmin ortaq sənədləri Azərbaycan Respublikası adından nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov (1862-1934) və R. Xanbudaqov, Litva dövləti tərəfindən isə ixtisasca mühəndis olmuş Tomas Norus Naruşyaviçyus (1871-1927) və Rusiya Dumasının keçmiş deputatı, 1919-1922-ci illərdə Litva yepiskopluğunun Vatikanda təmsilçisi olmuş katolik keşişi Yurgis Naryauskas (1876-1943) imzalamışdılar.
Bir zaman keçdikdən sonra birgə səylər dövlətlərimizi müstəqilliyin tanınması yolunda ilkin müsbət nəticələrə gətirib çıxartdı. 20 sentyabr 1919-cu ildə Antanta Litvanı de-facto olaraq müstəqil dövlət kimi tanıdı. Dörd aydan sonra – 1920-ci ilin yanvarın 11-də isə Paris sülh konfransı tərəfindən Azərbaycanın da müstəqilliyi de- facto olaraq tanındı.
Ərazi bütövlüyü amili
Paris sülh konfransı ilə bağlı siyasi hadisələr və beynəlxalq münasibətlər səpkisində Litva – Azərbaycan əlaqələrinin Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən bir amili də xüsusilə qeyd etmək istərdik. Həmin amil Azərbaycan Respublikasının ərazi bütövlüyü amilidir.
Məlumdur ki, Ermənistan Paris sülh konfransında Azərbaycan və Türkiyəyə, eləcə də qismən Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edibdir. Ermənilər Litva, Latviya, Estoniya, Ukrayna, Şimali Qafqaz və Gürcüstandan fərqli olaraq, Azərbaycanı müstəqil bir dövlət kimi görmək və tanımaq istəmirdilər, elə ona görə də onlar Paris sülh konfransında bu ölkələrlə bir cəbhədən və eyni mövqedən çıxış etməyiblər. Ermənilərin Konfransa təqdim etdikləri xəritədən göründüyü kimi, erməni iddiaları dənizlərdən dənizə qədər olan torpaqların (Aralıq, Qara və Xəzər dənizləri arasındakı ərazilərin böyük qisminin) “xarici işğalçılardan“ – yəni, Azərbaycan və Türkiyə “qəsbkarlarından azad olunmasını” nəzərdə tuturdu. Onların Qərb ölkələrində “erməni məsələsini” öz “məsələsi” sayan müttəfiq və havadarları da vardı.
Bunun üçün, Azərbaycan Respublikasının Paris sülh konfransındakı nümayəndə heyətinin göstərdiyi fəaliyyətin əsas istiqamətlərindən birini də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı diplomatik mübarizə təşkil edirdi. İrəli sürülmüş ərazi iddiaları və qaldırılmış sərhəd mübahisələrinə baxmayaraq, həmin diplomatik səylər və genişmiqyaslı fəaliyyət nəticəsində digər torpaqlarla bərabər Qarabağ bölgəsi də o zaman dünya ölkələri tərəfindən de-facto olaraq Azərbaycan Respublikasının ərazisi kimi tanındı.
Konsul Vintsas Krevenin publisistik yazıları göstərir ki, 1919-cu ilin yanvar ayında ADR hökuməti tərəfindən Qarabağ general qubernatorluğunun yaradılması, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən həmin ərazidə general-qubernator Xəlil bəy Sultanovun (1879-1947) fəaliyyət göstərməsi barədə və eləcə də, Ermənistan (Ararat) Respublikasının 1918-1919-cu illərdə Xarici işlər naziri olmuş Sirakan Tiqranyanın (1875-1935) Qarabağ qubernatorluğunun təsis edilməsinə qarşı ünvanladığı etiraz Notası haqqında Litva nümayəndə heyəti də məlumatlı olmalı idi (göstərmək istərdik ki, general-qubernator X. Sultanovun iki müavinindən biri erməni Qriqori Kalantarov idi, həmçinin, müşavirləri arasında Levon Vartapetyan və Akop Balasanyan adlı erməni məmurları da vardı).
Həm də bu səbəblərə görə, 1919-1920-ci illərdə Litva Respublikasının yeni yaradılmış digər dövlətlərlə bərabər öz müstəqilliyinin tanınması uğrunda Paris sülh konfransında göstərdiyi birgə fəaliyyət, eyni zamanda bu dövlətlərin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınması üçün verdikləri çox mühüm siyasi dəstək kimi qiymətləndirilməlidir.
Beləliklə, hadisələrin xronoloji təqdimatına riayət etmədən vurğulamaq istərdik ki, Litva – Azərbaycan dövlətlərarası əlaqələrinin bərpa olunmasının aktuallığı (yaxud bərpa edilməməsinin neqativliyi), digər suallarla yanaşı, Ermənistan – Azərbaycan münasibətləri və Qarabağ münaqişəsi baxımından da öz əhəmiyyətini uzun illərdir ki, aydın şəkildə biruzə verir…
Bolşeviklərin “himayəsi altında”
İndi isə yenidən hadisələrin xronoloji axarına qayıdaq. İlk baxışdan elə görünə bilər ki, 1918-cu ilin iyul ayında Vilnüsdə Litva Dövlət Şurasının sədri Antanas Smetona tərəfindən həmvətənlərə doğma yurdlarına qayıdıb milli dövlət quruculuğu işlərində bilavasitə iştirak etmək barədə ünvanlanmış dəvətə cavab olaraq, və üstəlik də Bakıda Litva konsulluğunun açılmasından sonra, Azərbaycan litvalılarının vətənə dönmələri üçün gərək ki, heç nə və heç kəs mane olmamalı idi. Lakin, bu belə deyildi. Litvanı indi Azərbaycandan yeni fırtınalar və keçilməz maneələr ayırırdı. Litvalılar üçün vətənə ən qısa və birbaşa yol Rusiya ərazisindən keçirdi.
Ancaq, onda Rusiyada bolşeviklərlə ağqvardiyaçılar arasında olum və ölüm savaşı gedirdi. Ölkə odlu halqa içərisində idi və vətəndaş müharibəsinin alovlarında yanırdı. Bu səbəbdən, Ukrayna və Belarusiya üzərindən keçən yollar da bağlı idi. Evə sağ-salamat yalnız ətraf yollarla çatmaq mümkün idi. Bunun üçün gərək gəmi ilə Gürcüstandan Konstantinopola üzmək və Qərbi Avropa ölkələri ərazilərindən keçib Litvaya gəlmək lazım idi.
Ancaq, bu yol həm uzaq, həm də ki, kifayət qədər bahalı yol idi. Qənaətkarlıqla həyat sürən hər hansı bir litvalı bunu özünə rəva edə bilməzdi. Odur ki, Vətənə qayıtmaq istəyən soydaşların yol məsələsini həll etmək asan iş deyildi və bu sahədə Bakıdakı Litva konsulluğunun üzərinə böyük ağırlıq və məsuliyyət düşürdü. Bu cür mürəkkəb vəziyyət, konsul Vintsas Krevenin 1919-cu ilin dekabr ayında Litva Respublikasının Xarici işlər naziri Augustinas Voldemarasa ünvanladığı 372 saylı Notada da əks olunubdur:
“Xarici İşlər Nazirinə. Bununla yazıb bildiririk ki, Zaqafqaziyada çoxlu Litva vətəndaşı ilişib qalıbdır. Onların arasında xeyli ziyalı da vardır. Yalnız Bakı şəhərində bir neçə litvalı zabit yaşayır, onlardan biri polkovnik rütbəsindədir, dörd nəfəri hərbi həkimdir, qalanları müxtəlif ixtisas sahibləridir. Yol xərcləri olduqca bahadır və qıraqdan kömək olmazsa, onlar Vətənə yaxın zamanlarda yalnız xəyallarında qayıda bilərlər.
Litvalıların çoxusu Rusiya – Türkiyə cəbhəsindən tərxis edilmiş hərbçilərdirlər. Vətəndən heç bir xəbər ala bilmədiklərinə görə onlar böyük üzüntülər içində yaşayırlar. Hörmətli Nazir, Sizdən rica edirəm ki, kuryer poçt xidmətini yaratmaqla, hazırda Zaqafqaziyada yaşayan Litva vətəndaşlarının Vətənlə əlaqə saxlaya bilmələri üçün şərait yaradasınız. Hörmətlə, Litva dövlətinin Bakıdakı konsulu V. Kreve-Mitskəviçyus.”
(Ardı var)
Mahir HƏMZƏYEV, 1992-95-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet, 20 Yanvar cümə № 011 (3567)
http://www.525.az/view.php?lang=az&menu=7&id=39917
2012.01.23