(Əvvəli ötən şənbə sayımızda)
18-20 oktyabr 1917-ci il tarixində Stokholm şəhərində Rusiyada fəaliyyət göstərən Litva təşkilatlarının təmsilçiləri toplantı keçirdilər.
Bu toplantıda Qafqaz Litvalıları Şurasının və o cümlədən Bakı litvalıları cəmiyyətinin təmsilçiləri də iştirak edirdilər. 1917-ci ilin 2-10 noyabr tarixlərində isə bütün Litva təşkilatları şuralarının rəhbərləri İsveçrənin Bern şəhərində yığışaraq müştərək konfrans keçirdilər. Hər iki konfransda Litva diaspor təşkilatları çox vacib tarixi qətnamələr qəbul etdilər. Onlar Litvanın dövlət müstəqilliyinin elan edilməsini dəstəklədiklərini bildirdilər və Litva Şurasına bütün xalqın adından vahid bir təşkilat olaraq çıxış etmək səlahiyyətini verdilər.
Bu isə öz növbəsində Litva Şurasının yaxın gələcəkdə müstəqillik elan edəcək dövlət orqanına çevrilməsinə əsas yaratdı. Müstəqillik naminə litvalıların yekdil çıxış etməsi və qəti əzmkarlığı Litva Şurasının əhəmiyyət və çəkisini alman işğal hakimiyyətinin gözündə mühüm dərəcədə yüksəltdi.
Bern konfransından sonra Litva Şurası xarici ölkələrdə fəaliyyət göstərən Litva təşkilatları şuralarının nəzdində öz nümayəndələrini təyin etməyə başladı. Qafqaz Litvalıları Şurasının sədri Pranas Daylide (1888-1965) Litva Şurasının Qafqazda təmsilçisi oldu.
16 fevral 1918-ci il tarixində Vilnüsdə Litva Şurası Litva dövlətinin bərpa olunması barədə tarixi akt qəbul etdi. Həmin aktda deyilirdi: “Litva Şurası Litva xalqının yeganə təmsilçisi olaraq, xalqların öz müqəddəratını təyin etmə hüququna və litvalıların 18-23 sentyabr 1917-ci il Vilnüs konfransının qətnaməsinə əsaslanaraq, demokratiya təməli üzərinə qoyulmuş və paytaxtı Vilnüsdə yerləşən müstəqil Litva dövlətini bərpa etdiyini və bu dövlətin digər xalqlarla olmuş bütün dövlət əlaqələrindən ayrıldığını bəyan edir”.
Bu aktın lehinə Litva Şurası yekdilliklə səs verdi. XVIII əsrin axırlarından başlanmış və 120 ildən artıq çəkmiş Rusiya imperiyasının işğal və əsarətindən sonra Litva bu cəsarətli və səbatlı addımı ata bildi. Beləliklə, bir neçə əsr bundan öncə yox edilmiş Böyük Litva Knyazlığının bir qisim qalıqları üzərində, Birinci Dünya müharibəsi alovlarının xarabalığa döndərdiyi etnik torpaqlarda, Litva dövləti, bir çox xalqların qədim mifologiyasında xeyirxahlıq, yeni həyat və dirçəliş rəmzi olan Simurq quşu tək küllük içindən intibah etdi.
O zaman dünyada Litvanın ayağa qalxa biləcəyinə inananlar az idi. Amma xalq buna inanırdı. Xalq əsrlər boyu böyük mətanətlə və qarşısıalınmaz bir israrla azadlığa qovuşmaq istəyini qoruyur və milli dövlət ideyasını ən ümdə bir arzu tək ürəyində daşıyırdı. Xalq nəsillərdən-nəsillərə öz dövlətinin qədim və böyük tarixini ötürə-ötürə, milli adət-ənənələri və doğma dilini hifz edə-edə həmin ideyanı yaşadırdı və böyüdürdü. Litva dövlətinin bərpa edilməsi aktının sərt alman işğalı və qorxulu hərbi durum şəraitində elan edilməsi bunu bariz şəkildə nümayiş etdirdi. Bu akta səs verən və Litvanın milli dövlət yaratmaq perspektivini ağlasığmaz bir tarixi şəraitdə həyata keçirən 20 nəfər Litva Şurasının üzvü, demək olar ki, Litvanın həm də Avropa xəritəsindən yox olmasının qabağını aldılar.
Beləliklə, 16 fevral 1918-ci ildə Litva Şurası hakimiyyət orqanına çevrildi. 23 mart 1918-ci ildə Almaniya Litva dövlətinin müstəqilliyini tanıdı. Almaniya imperatoru II Vilhelm tərəfindən imzalanmış həmin tanıma sənədinə əsasən 1918-ci ilin iyulun 11-dən başlayaraq bu hakimiyyət orqanı Litva Dövlət Şurası (litvaca Lietuvos Valstybes Taryba:- M.H.) adlandırılmağa başlandı.
Qafqaz ölkələrində yaşayan bir çox litvalılar və o cümlədən hərbçilər Birinci Dünya müharibəsinin sonuna yaxın evlərinə qayıtmaq istəyəndə ciddi problemlərlə üzləşdilər. Belə ki, onların hesaba alınmasını və yol sənədlərinin qaydaya salınmasını təxirə salmadan təşkil etmək lazım gəlirdi. Ona görə də, Qafqaz Litvalıları Şurası 1918-ci ilin iyunun 2-də Litva Şurasına müraciət edir və vəziyyətdən çıxış yolu olaraq, Litvanın Qafqaz dövlətlərində rəsmi nümayəndəliyinin təsis olunmasını təklif edir.
1918-ci ilin iyulun 23-də Vilnüsdə Litva Dövlət Şurasının 9-cu sessiyasının səkkizinci iclası keçirildi. Bu iclasda Qafqaz Litvalıları Şurasının təmsilçiləri də iştirak edirdilər. Nümayəndə heyətinin tərkibində Azərbaycan litvalıları da vardı. Həmin iclasın 83 saylı protokolun stenoqrammasında Pranas Daylidenin belə təbrik çıxışı qeyd olunubdur: “İzn verin ki, Qafqaz Litvalıları Şurasının nümayəndələri adından Litva Dövlət Şurasını təbrik edək və ona məhsuldar fəaliyyət arzulayaq… Müharibə qurtarmayınca bizim taleyimiz naməlum qalacaq, odur ki, məsələmiz Sülh konqresində həll ediləcək. Qafqaz litvalıları əmin olduqlarını bildirirlər ki, Litva Dövlət Şurası müstəqillik ideallarına çatmaq üçün bütün Litva xalqının iradə və arzularını ifadə edəcək.”
İclasa sədrlik edən Litva Dövlət Şurasının sədri Antanas Smetona (1874-1944) bu təbrik çıxışına cavab olaraq bildirdi ki, “… Litva Dövlət Şurası Qafqaz litvalılarının tezliklə vətənə dönmələrini və Litva dövlətinin quruculuq işlərinə qatılmalarını gözləyir…”
O zaman IV Tiflis oğlanlar gimnaziyasında riyaziyyat müəllimi olaraq çalışan Petroqrad universitetinin keçmiş məzunu Pranas Daylide elə həmin gün – 23 iyul 1918-ci il tarixində Litva Dövlət Şurasıın qərarı ilə Litvanın Qafqaz dövlətlərində – Gürcüstanda, Ermənistanda və Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunur.
Göründüyü kimi, diaspor təşkilatları Litva dövlətinin 1918-ci ildə Simurq quşu tək küllük içindən dirçəlməsinə birbaşa dəstək verməklə kifayətlənməmiş və hətta müstəqil Litva ilə dünya ölkələri arasında rəsmi münasibətlərin yaranmasında və o cümlədən Qafqaz dövlətləri ilə əlaqələrin təşəkkül tapmasında da mühüm rol oynamışlar. Ümumiyyətlə, 1918-1920-ci illərdə Litva dövlətinin digər ölkələrdəki ilk nümayəndəlikləri, çox vaxt, həmin ölkələrdə fəaliyyət göstərən milli Litva təşkilatlarının maddi bazası əsasında, cəmiyyət rəhbərlərinin mənzillərində və litvalı iş adamlarının ofislərində açılıbdır. Həmin təşkilatlar bütün xalqla birgə çətinliklə yaratdıqları milli dövlətlərini sonradan xarici ölkələrdə əzmlə və vətənpərvərliklə təmsil etməklə, olduqca mürəkkəb və məsuliyyətli bir şəraitdə diplomatik fəaliyyətə başlamaqla, sanki, özləri dönüb Litva müstəqilliyinin simurğ quşları oldular…
Litva diasporu bir daha göstərdi ki, Vətən məhəbbəti əbədi yanar və şölə saçan bir ocaqdır. Sübut etdi ki, coğrafi uzaqlığa baxmayaraq milli məfkurəni yaşatmaq üçün ana torpağın cazibə qüvvəsi, milli-etnik dəyərlərin müstəsnalığı və doğma dilin gözəlliyi daima tükənməz bir mənbədir…
Litvanın Qafqaz dövlətlərində ortaq nümayəndəliyi
Litva dövlətinin səlahiyyətli nümayəndəsi Pranas Daylide və Qafqaz Litvalıları Şurasının təmsilçiləri tezliklə Qafqaza qayıdırlar. 1918-ci ilin avqustun 30-da P. Daylide etimadnaməsini müstəqil Gürcüstan hökumətinə təqdim edir. Litvanın Qafqaz dövlətlərindəki ortaq nümayəndəliyi 30 noyabr 1918-ci il tarixindən başlayaraq Tiflisin mərkəzində – keçmiş Kiroçnaya küçəsi № 45 (indiki Mardjanişvili küçəsi № 45 – M.H.) ünvanında yerləşən binada fəaliyyətə başlayır.
Məlumdur ki, Azərbaycan Milli Şurası həmin dövrdə artıq Tiflisdən Gəncəyə köçmüşdü. 1918-ci ilin iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırmışdı və 6 aydan gec olmayaraq Müəssisələr Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Litva dövlətinin nümayəndəsi Pranas Daylidenin müstəqil Azərbaycan hökumətinə etimadnaməsini hansı tarixdə təqdim etdiyi barədə əlimizdə hələlik dəqiq məlumat yoxdur. Amma, biz əminik ki, Pranas Daylide o zaman Azərbaycan hökuməti başçılarının da qəbulunda olmuş, sənədlərini onlara təqdim etmiş və Azərbaycana da akkreditə edilmişdi. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin (ARDA) Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi fondunda sözügedən etimadnamənin surəti saxlanılır. Pranas Daylideyə 1918-ci ilin 23 iyul tarixində verilmiş 721 saylı həmin sənəd Litva Dövlət Şurasının sədri Antanas Smetona və Litva Dövlət Şurasının Baş katibi Yokubas Şyarnas (1888-1926) tərəfindən imzalanmışdır.
İlk Litva konsulluğu
1919-cu ilin fevral ayında Pranas Daylidenin səlahiyyətləri bir qədər də artırılır və o, Litva Respublikasının Qafqaz respublikaları hökumətləri yanında diplomatik nümayəndəsi statusunu alır. Onun bundan sonrakı diplomatik fəaliyyəti göstərir ki, Pranas Daylide ona verilmiş səlahiyyətlər çərçivəsində Qafqaz dövlətlərində Litva nümayəndəliklərini təsis etmək üçün bilavasitə danışıqlar aparmaq hüququna malik olmuşdur.
Həmin illərin sənədlərindən görünür ki, Pranas Daylide yeni status aldıqdan sonra, təzə nümayəndəliklərin təsis edilməsi məqsədi ilə dərhal işə başlayır. O, 1919-cu ilin mart ayında ADR Hökumətinin Xarici İşlər Nazirliyinə Bakıda Litva konsulluğunun təsis edilməsi məsələsi ehtiva olunmuş Nota təqdim edir. Müstəqil Azərbaycan Respublikasının dördüncü Nazirlər kabinetində Xarici işlər naziri vəzifəsində çalışmış Məmməd Yusif Cəfərov (1885-1938) bununla bağlı olaraq ADR Hökumətinə müvafiq təqdimat hazırlayır və məruzə edir:
Litvanın Cənubi Qafqaz dövlətlərinin hökumətləri yanında təyin olunmuş diplomatik nümayəndəsi 22 mart 1919-cu il tarixində 142 saylı Nota ilə Xarici İşlər Nazirliyinə müraciət edərək Bakı şəhərində Konsulluq hüququna malik olan daimi agentliyin təsis edilməsinə ehtiyac olduğunu bildirmişdir. Diplomatik nümayəndənin fikrincə, Qafqaz respublikalarının ayrılıqda hər birində Litva nümayəndəliyi təsis edilənə qədər, belə konsulluq agentliyinin Bakıda açılması Azərbaycan Hökuməti ilə daha yaxın əlaqələr qurmaq lüzumundan irəli gəlir və həmçinin, hazırda Azərbaycan ərazisində yaşayan Litva vətəndaşlarının maraqlarının təmin edilməsinə xidmət edir.
Buna əsaslanaraq Xarici İşlər Nazirliyi sözügedən Konsulluq agentliyinin təsis olunması barədə Azərbaycan Respublikasının Hökuməti qarşısında vəsatət qaldırır və buna razılıq verməsini təklif edir. Əgər, qaldırılan bu vəsatət üzrə bizim Hökumət icazə verərsə, onda Litva vətəndaşı Vikentiy Mitskeviç (Vintsas Kreve-Mitskəviçyus – M.H.) Litva Konsulluq agentliyində səlahiyyətli nümayəndə təyin olunacaqdır…“
Azərbaycan hökuməti bu məsələnin həllini uzatmadı. Cəmi beş gün sonra – mart ayının 27-də capdan çıxmış dövlət nəşri “Azərbaycan“ qəzetində rəsmi məlumatlar bölməsində artıq Bakıda Litva konsulluğunun fəaliyyətə başlaması barədə xəbər dərc olunmuşdu. Həmin xəbərdə göstərilirdi ki, Konsulluq müvəqqəti olaraq Pozenovskaya küçəsi 15 – 7 (1992-ci ildən Cəfərov qardaşları küçəsi – M.H.) ünvanında fəaliyyət göstərir. O zaman bu ünvanda ailəsi ilə birgə Bakı I realnı məktəbinin rus dili və ədəbiyyatı müəllimi, Bakı şəhər Dumasının sabiq deputatı, Litva ədəbiyyatının məşhur klassiki Vintsas Kreve-Mitskəviçyus (1882-1954) yaşayırdı. 1909-1920-ci illərdə Azərbaycanda yaşamış və çoxşaxəli zəngin fəaliyyət göstərmiş bu məşhur Litva xadimi, müəllim həmkarları və Bakı ziyalıları arasında o zaman Vikentiy İosifoviç Mitskeviç kimi tanınmışdı.
İlk Litva konsulluğu Bakıda ilk dövrdə məhz bu konsulun mənzilində işə başlayıb. Daha sonralar isə Litva konsulluğu Persidskaya küçəsində (hazırda Murtuz Muxtarov küçəsi – M.H) və Doktorskaya döngəsində (indiki Adil Babayev döngəsi – M.H.) yerləşən binalarda fəaliyyət göstəribdir. Konsulluğun fəaliyyəti barədə “Azərbaycan” qəzetindən savayı, eserlər partiyası Bakı komitəsinin mətbu orqanı olan “Trudovoye znamya” qəzetinin 1919-cu il 13 və 18 noyabr tarixlərində çapdan çıxmış saylarında da rusca bir sıra məqalələr və elanlar dərc edilmişdir.
Beləliklə, 27 mart 1919-cu il tarixini bilavasitə Litva – Azərbaycan dövlətlərarası əlaqələri salnaməsinin yeni mərhələsi saymaq olar.
(Ardı var)
Mahir HƏMZƏYEV, 1992-95-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi: mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet, 14 Yanvar Şənbə № 007 (3563)
http://www.525.az/view.php?lang=az&menu=7&id=39708
2012.01.16