(Əvvəli ötən saylarımızda)
Əgər yeni quruluşun ilk aylarında Bakıdakı Litva konsulunun özünün şəxsi təhlükəsizliyinin təmin edilməsi və əmlakının toxunulmazlığı məsələsi Xalq xarici işlər komissarlığı səviyyəsində qaldırılırdısa, onda Azərbaycanda yaşayan sıravi Litva vətəndaşlarının vəziyyətini təsəvvürə gətirmək heç bir çətinlik yaratmır.
Göstərilən sənədlərlə yanaşı, biz Litva konsulluğunun Azərbaycan SSR-nin müxtəlif dövlət strukturlarına, Bakı şəhər Sovetinin icraiyyə komitəsinə və habelə respublikanın mərkəzi partiya təşkilatının rəhbərliyinə ünvanladığı 50-dən artıq Notanın izlərini Bakı və Vilnüsün arxiv fondlarında müəyyən etmişik.
Onların əksəriyyətində, yeni hökumət orqanları tərəfindən həbs edilmiş və ya məhkum olunmuş litvalıların azadlığa buraxılması, dörd yol ağzında mərmi və güllə yağışına düşmüş soydaşların xilas edilməsi, həmvətənlərin Bakıdakı ticarət yerləri və mənzillərinin qeyd-şərtsiz müsadirədən qorunması, maddi zərərə görə təzminatın ödənilməsi və yaxud vətənlərinə dönmək istəyən Litva vətəndaşlarına icazələrin alınması məsələləri qoyulmuşdu.
Sözügedən diplomatik yazışmaların məzmunu və intonasiyası ap-aşkar göstərir ki, həmin “notalar savaşı” Litva konsulunun özü üçün də qəmli bir sonluqla nöqtələnə bilərdi. Odur ki, Vintsas Kreve Sovet Azərbaycanında Litva konsulluğunun öz fəaliyyətini davam etdirməsinin vacib olduğunu çox gözəl başa düşdüyünə baxmayaraq, Bakını tərk etməyə hazırlaşırdı.
10 iyun 1920-ci ildə Litva konsulluğu Azərbaycan SSR XXİK-na 772 saylı Nota təqdim edir və bildirir ki, V. Krevenin vətəninə qayıtması ilə bağlı Litvanın Azərbaycan SSR-dəki konsulu vəzifəsini müvəqqəti olaraq konsulluğun katibi Mixail Dmitriyeviç Markovski icra edəcək.
Həmin günlərdə hələ heç kəs bilmirdi ki, Azərbaycanda Litva konsulluğunun fəaliyyətinin başa çatmasına nə qədər vaxt qalır. Çünki onda Sovet Rusiyası Azərbaycanla hələ ki, “müstəqillik” oyununu oynayırdı və o biri Qafqaz dövlətləri hələ ki, işğal edilməmişdi. 1920-ci ilin noyabr ayında Ermənistanda və 1921-ci ilin fevral ayında isə Gürcüstanda bolşeviklər hakimiyyəti “qələbə çaldıqdan” sonra, Moskvada çəkilmiş planın cizgiləri dürüst şəkildə aydınlaşmağa başladı.
Moskvada qurulmuş o planın Cənubi Qafqazda həyata keçirilməsi ilə bağlı qeyd etmək istərdik ki, 1920-ci il aprel işğalından sonra SSRİ yaradılanadək olan dövrdə Azərbaycan SSR-nin diplomatik-siyasi münasibət problemləri tarix elmləri elmləri doktoru, professor Musa Qasımlının (1957) “Xarici dövlətlər və Azərbaycan“ adlı dəyərli monoqrafiyasında (Bakı, 1998) əsaslı surətdə araşdırılmışdır.
1920-1922-ci illərdə Azərbaycan SSR-nin beynəlxalq vəziyyətinin ümumi mənzərəsi və xarici dövlətlərlə diplomatik-siyasi münasibətlərinin məhv edilməsi ilə bağlı hadisələrin inkişafı da müəllifin həmin əsərində sənədli mənbələr əsasında öz elmi təhlilini tapmışdır. Və təbii ki, onları təkrarən oxuculara təqdim etməyə lüzum görmürük. Amma xarici ölkələrin Bakıdakı nümayəndəliklərinin ləğv edilməsini şərtləndirən qanun aktları və İttifaq dövlətinin yaradılması ərəfəsindəki ictimai-siyasi durum barədə bir neçə fikri təqdim etməyə ehtiyac duyuruq.
Gürcüstanın bolşevik işğalından sonra Azərbaycan SSR-nin xarici siyasət fəaliyyətinin Cənubi Qafqaz respublikaları ilə birləşdirilməsi prosesi gücləndirildi. Gedişatı RSFSR XXİK tərəfindən istiqamətlənən bu proses 1922-ci ilin yayında yüksək nöqtəsinə çatdı və Azərbaycan SSR-nin xarici siyasət fəaliyyəti faktiki olaraq tamamilə məhv edildi. Belə ki, həmin ilin iyun ayının 13-də Cənubi Qafqaz respublikalarının xarici siyasətinin birləşdirilməsi barədə dekret qəbul edildi.
Bu dekretə əsasən müttəfiq respublikaların Xalq xarici işlər komissarlıqları ixtisar edildi və Cənubi Qafqaz respublikalarının xarici siyasətinə rəhbərliyi ittifaq müqaviləsinə uyğun olaraq İttifaq Şurası həyata keçirməyə başladı. 1 avqust 1922-ci ildə Cənubi Qafqaz respublikalarında xarici əlaqələr üzrə katiblik yaradıldı. 1922-ci ilin avqustun 21-də isə “Xarici siyasətin birləşdirilməsi haqqında” İttifaq Şurasının dekreti verildi.
Məlumdur ki, 1922-ci ilin martın 12-də Zaqafqaziya Sovetlər qurultayında “aşağılardan verilən təkliflə” – Azərbaycan, Ermənistan və Gürcüstanın “istəyi ilə” Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası təsis etmək barədə qərar qəbul olundu. Azərbaycan SSR-də Litva konsulluğunun hüquqi statusu Cənubi Qafqazda yaradılmış bu yeni inzibati-siyasi quruluşa və ümumiyyətlə mövcud geosiyasi vəziyyətə artıq o zaman uyğun gəlmirdi.
28 iyul 1922-ci ildə Genuya konfransında ABŞ Litva Respublikasının müstəqilliyini de-jure tanıdıqdan dərhal sonra, Moskva Litvanı “qanadının altından” buraxmamaq üçün bir sıra əlavə addımlar atdı. Və o cümlədən, Kreml çox səylər göstərdi ki, onun əlaltı “dövlətləri” – yəni, Zaqafqaziya SSR də daxil olmaqla, “müstəqil” sovet respublikaları ilə Litva arasında dövlətlərarası müqavilələr imzalasın və belə yolla bu suveren Baltik dövləti Sovet Rusiyasının subyektlərinə bağlansın.
Lakin Kaunas bu dəfə Kremlin böyük təzyiqlərinə tab gətirə bildi və güzəştə getmədi. Cavab gedişini isə çox gözləmək lazım gəlmədi. Genuya konfransından düz bir ay sonra – 28 avqust 1922-ci il tarixində Bakıdakı Litva konsulluğu Zaqafqaziya SSR İttifaq Şurasının Azərbaycan SSR üzrə Xarici işlər səlahiyyətli idarəsinin işlər müdiri Məlikovun imzası ilə 1022 saylı belə bir göstəriş alır:
“Vətəndaş M. Markovskiyə. Litva Demokratik Respublikası və Azərbaycan SSR hökumətləri arasında beynəlxalq hüquqa uyğun müqavilə münasibətlərinin olmamasına görə, Zaqafqaziya Sovet Sosialist Respublikası İttifaq Şurasının Azərbaycan SSR üzrə Xarici işlər səlahiyyətli idarəsi bildirir ki, Litvanın Azərbaycan SSR-dəki konsulluğu ləğv edilir və Sizdən xahiş olunur ki, keçmiş Litva konsulluğunun işlərini təsviyyə edəsiniz və vəzifələr ştatında olan bütün əməkdaşlarınızla bərabər Azərbaycan SSR-nin ərazisini 48 saat ərzində tərk edəsiniz.”
Bu bildiriş elə həmin gün axşam saat 10-da M. Markovskiyə təqdim edilmişdi. Konsula təqdim edilmiş 285 sayl telefonoqrammadan görünür ki, Litva konsulluğunun ləğv edilməsi barədə tələbin icra edilməsi üzrə nəzarət Azərbaycan SSR Fövqəladə Komissiyasına (ÇK) həvalə edilmişdi.
O zaman Azərbaycan SSR FK-nın sədri Mir Cəfər Bağırov (1895-1956) olsa da, Konsulluğun ləğv olunması məsələsinin təşəbbüsçülərindən biri Azərbaycan SSR FK sədrinin müavini və Operativ işlər üzrə məxfi şöbənin rəisi Lavrenti Pavloviç Beriya (1899-1953) idi. Konsulluğun ləğv edilməsi sənədlərində məhz onun adı hallanır. Bununla yanaşı, FK-nın Xarici işlər şöbəsi müdirinin Azərbaycan SSR XXİK-na təqdim etdiyi arayışdan bəlli olur ki, Litva konsulluğunun ləğv olunması məsələsi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Sergey Mironoviç Kirov (1886-1934) ilə şəxsən razılaşdırılmışdı.
Haşiyə çıxaraq qeyd etmək istərdik ki, o zaman Azərbaycan SSR-nin xüsusi çekist xidməti orqanlarında Bakıda anadan olmuş erməni əsilli gürcü Vladimir Georgiyeviç Dekanozov (1899-1953) da xidmət edirdi. Bu faktı ona görə vurğulayırıq ki, çox-çox sonralar – 1940-cı ilin yayında V. Dekanozov SSRİ Xalq xarici işlər komissarının müavini vəzifəsində çalışan zaman, Sovet dövlətinin başçısı İosif Vissarionoviç Cuqaşvili – Stalin (1879-1953) tərəfindən Kremlin emissarı olaraq Litvaya göndərilmişdi.
V. Dekanozov 1940-cı ildə Litvanın SSRİ-nin tərkibinə inkorporasiya edilməsi məsələlərini əlaqələndirən əsas şəxslərdən biri olubdur. Odur ki, zənnimizcə, 90 il bundan əvvəl Litvanın uzaq Azərbaycandakı elçiliyini ləğv etmək işində ilkin təcrübə və peşə vərdişi əldə etmiş Vladimir Dekanozov, 1940-cı ilin yayında müstəqil Litva dövləti bütünlüklə məhv olunan zaman yəqin ki, həmin təcrübədən ustalıqla istifadə edibdir.
Qasırğalardan çıxmış əlaqələr tariximizin yeni mərhələsi
Litva-Azərbaycan dövlətlərarası münasibətləri tarixdə yüksəliş və enmələr yaşayıbdır. Amma, təsadüfi deyildir ki, həmin enmələr əsla xalqlarımızın istək və iradəsi ilə bağlı olmayıbdır, əksinə, həmişə xaricdən atılmış maneələr və yadların törətdikləri əngəlliklər nəticəsində yaranıbdır. Bu səbəbdən, rəsmi münasibətlərimiz elə mərhələlər yaşamışdır ki, ilk baxışdan bir o qədər təsirli görünməyən və başımızın üzərindən əsən geosiyasi yellər, bəzən bircə an içində şiddətli qasırğaya çevrilmiş və xalqlarımızın uzun illər boyu müstəqillik yolunda çətinliklə qurduğu bir çox dəyərləri kökündən qopardıb yerlə yeksən etmişdir.
Litva 21 il bundan əvvəl, Azərbaycan isə iyirmi il öncə dövlət müstəqilliyini bərpa etdilər və xalqlarımız XX əsrdə dünya birliyi ilə ikinci dəfə öz adından danışmaq hüququnu qazandılar. Məmnunluqla qeyd etmək istərdik ki, bu gün yenidən müstəqillik dönəmində yaşayan Litva və Azərbaycan hazırda çox yaxın və səmərəli dövlətlərarası əlaqələr saxlayırlar. Diplomatik əlaqələrimiz bərpa edilməsə də, heç vaxt unutmaq lazım deyil ki, dövlətlərarası münasibətlərimizin davam müddəti yalnız 15-20 illik zaman kəsimi ilə deyil, təxminən yüz illik bir tarixlə ölçülür…
Vilnüs – Bakı – Vilnüs
1991-2011-ci illər
Mahir HƏMZƏYEV, 1992-95-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi
Bakı, 525-ci qəzet, 4 Fevral Şənbə № 020 (3576)
http://www.525.az/view.php?lang=az&menu=7&id=40443
2012.02.04