BOLŞEVİKLƏR


1.Sözlərilə  yox,  əməllərilə  tanımaq  lazımdır.

Bu gün bizim qonşumuz, özü də ən güclü qonşumuz, bolşevik Rusiyasıdır. Bolşeviklərlə necə rəftar etməyi bilmək üçün, öncə onları yaxşı-yaxşı tanımaq lazımdır, özü də danışıqlar apardıqları zaman dedikləri sözlərə görə yox, yalnız gördüyü işlərinə, əməllərinə baxıb tanımaq lazımdır.

Bu gün biz elə bir vəziyyətdəyik ki, bir zaman bundan əvvəl Zaqafqaziya respublikaları da elə buna oxşar vəziyyətdə idilər. Bolşevikləri tanımaq, taktika və hərəkətlərini bilmək, onlardan yaxşı-pis nə gözləmək olarsa, eləcə də onları başa düşmək üçün, bolşeviklərin  Zaqafqaziyada törətdikləri əməllərlə azdan-çoxdan tanış olmaq faydalı olardı.

Denikinin Könünlü Ordusunun süqutundan sonra, Azərbayacan Demokratik Respublikası bolşevik Rusiyası dövlətilə bilavasitə qonşu oldu. Azərbaycan Respublikası təxminən Litva Respublikasının doğulduğu tarixdə yaranmış dövlətdir. Bu dövlətin təşkil olunması üçün şəraiti 1918-ci ilin sentyabr ayında bolşevikləri Bakıdan qovmuş almanlar və türklər  yaratdılar. Azərbaycan Respublikasının quruluşu eynilə o vaxt yeni yaranmış digər  respublikaların quruluşunu xatırladırdı; öz Parlamenti vardı, nazirliklər işləyirdi, çörək də hamıya bəs edirdi, dükanlar isə doluydu və qiymətlər də, şükür ki, heç də baha deyildi. Yaşamaq mümkün idi. Əlbəttə, hər yerdə olduğu kimi, Azərbaycanda da əhalinin çoxusu həyatından narazı idilər. Hamı elə bil  yatıb yuxuda görürdülər ki, guya Hakimiyyət başqa cür işləsəydi, yaşamaq daha asan olardı. Qara çörək 6 rus rublu idi, ağ çörəyi isə 8-9 rubla almaq olurdu. Amma, camaat fikirləşirdi ki, əyər Hakimiyyət daha çox çalışsaydı, yaşayış daha da yaxşılaşardı. Baxmayaraq ki, ətin kilosu 20-30 rubla idi, camaat hələ də narazılıqla mızıldanır və düşünürdülər ki, əyər Hakimiyyət möhtəkirliyə qarşı daha qətiyyətlə mübarizə aparsaydı, onda daha da ucuzluq olardı.

Azərbaycanın Hökumət idarələrində təhsil görmüş ziyalıların kəskin surətdə çatışmaması, əhali arasında Hakimiyyətə qarşı dahab böyük narazılıq yaradırdı. Belə ki, bütün müəssisələrdə rus dili işlənirdi və burada çalışanların çoxusu da keçmiş rus dövlət məmurları idilər. Yalnız Daxili İşlər Nazirliyində, Orduda və Parlament institusiyalarında tatar dilinin (Azərbaycan dilnin; – tərcüməçi) işlənilməsi üçün səylər göstərilirdi. Amma, bu səylər tatar (azərbaycanlı; – tərcüməçi) məmurlarının vətəndaş vəzifələrini axıradək düzgün başa düşmədikləri üçün və nəticədə yaranan anlaşılmazlıqlar üzündən tez-tez vəzifədən kənar olunduqlarına görə, heç bir bəhrə vermirdi. Yarımçıq ziyalı bir azərbaycanlı az-çox məsuliyyətli bir vəzifə alan kimi, elə o saatdan rüşvət almağa başlayırdı, hamıyla da elə  rəftar edirdi ki, elə bil dünyanı o yaradıbdır və özünü elə aparırdı ki, sanki qüdrətinin ucu-bucağaı bilinməyən kiçik bir allahdır. Ona görə də idarəetmə aparatı bütünlükdə rusların əlində idi; amma, yüksək dövlət vəzifələrini ziyalı azərbaycanlılar tuturdular, aydındır ki, bu rusları qane etmir və ona görə da onların narazılığı getdikcə daha da artırdı. Sözün doğrusu, yerli ruslar tarixdə heç vaxt Azərbaycanın dostu da olmayıblar. Onlar əvvəlcə burada  Denikinin gəlişini gözləyirdilər, onun Könüllü Ordusu darmadağın edildikdən sonra isə bolşeviklərin yolunu gözləməyə başladılar.

Şaiyələr yayılırdı ki, guya bolşeviklər indi təmamilə dəyişiblər, əvvəlki bolşeviklər deyillər, artıq dövlət işlərini aparmağı öyrəniblər, terrora əl atmırlar, ziyalıları təqib edib gözümçıxdıya salmırlar, möhtəkirliyə qarşı amansız mübarizə aparırlar və onlar gələndən sonra ucuzluq olacaq, yaşayış yüngülləşəcək. Ruslar onları səbirsizliklə gözləyirdilər, axı, necə deyərlər, pis-yaxşı hər necə olsa da, onda yenə rus hakimiyyəti olacaqdı. Fəhlələr də gözləyirdilər ki, tezliklə fəhlə hakimiyyəti gələcək. Yayılan şaiyələrə və arada gəzən belə söz-söhbətlərə sadə camaatın şübhə ilə yanaşmasına baxmayaraq, əhali də yeni hakimiyyəti gözləyir və fikirləşirdilər ki, qoy necə olursa olsun, ukraynalılar demişkən, – „xot hirşe, ale inşe”.

Sözün düzü, azərbaycanlıların böyük əksəriyyəti də bolşevikləri gözləyirdilər, belə ki, bolşevik agentləri azərbaycanlılar arasında çox güclü təbliğat aparırdılar ki, guya onlar Azərbaycanın müstəqilliyinə toxunmayacaqlar və xalqın daxili işlərinə qarışmayacaqlar. Azərbaycan isə onlara yalnız Şərq ölkələrinə  açılan bir qapı tək gərəkdir, ələlxüsus, bu ölkə guya Türkiyəni xilas etməyə getmək üçün bir dəhliz, bir  keçid kimi bolşeviklərə olduqca vacibdir.

Yuxarılarda hakimiyyətdə oturan ziyalılar isə bolşeviklərin bu sözlərinə heç cür inanmadıqlarına baxmayaraq, ruslara qarşı əks siyasət yürütməkdən çəkinir və sərt hərəkətlərilə, həm milləti, həm də ki, dövləti məhv etməkdən ehtiyat edirdilər. Antantanın agentləri isə, ələlxüsus İngiltərənin cürbəcür şirkətləri Azərbaycanın sərvətlərini yalnız öz xeyirləri üçün amansızcasına istismar etməklə məşğul idilər. İngilislər onların hər hansı bir köməyinə ümid edilməyin boş bir məsələ olmasını dəfələrlə öz əməllərində göstərmişdilər və Azərbaycanda buraya ziyan vurmaqdan və  pislikdən başqa burada bir iş görmürdülər. Vəziyyəti belə görən Hakimiyyət isə, kənardan əməlli-başlı bir yardıma ümid etmir, tərəddüdlər keçirir və qərarsızlıq göstərirdi. Bu tərəddüdlər əvvəl-axır Hakimiyyəti ruslarla əlaqələr axtarmağa məcbur etdi. Onda ikitərəfli münasibətlər qurmaq üçün Moskvaya nümayəndələr göndərildi və Azərbaycanın özünün istifadə etməyə gücü çatmadığı zəngin sərvətlərin, – yanacaq və sürtkü yağlarının, pambığın, dərinin, yunun və bir çox başqa malların, – Rusiyaya daşınması məqsədilə,  ticarət əlaqələri barədə danışıqlar başlandı.

Danışıqların aparılmasına baxmayaraq, bolşeviklər Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında – Petrovskda(Mahaçqalada:-Tərcüməçi)daha böyük hərbi qüvvə cəmləşdirirdilər. Bundan narahat olmağa başlayan Azərbaycan Hakimiyyəti Moskvadan bunun necə başa düşmək lazım olduğunu xəbər aldı. Moskva cavab xəbəri göndərdi ki, onun Azərbaycanın Dövlət müstəqilliyinə təcavüz etmək fikri yoxdur, əksinə olaraq Moskva bu müstəqilliyi tanıyır, Azərbaycanla bağlı heç bir gizli məqsədi, qara niyyəti yoxdur və heç vaxt ola da bilməz. Döyüş qüvvələrini isə orada Denikin Könüllü Ordusuna qarşı toplayır. Könüllü Ordu darmadağın edildikdən sonra, bolşeviklərin döyüş qüvvələrinin orada qalmasının strateji əhəmiyyəti itəcək və əlbəttə ki, onda həmin qüvvələr geri çıxarılacaq. İndi Rusiya kimləsə müharibə etmək barədə düşünmür, yalnız öz daxili həyatını qaydaya salmaq haqqında fikirləşir. Bolşevik hakimiyyətinin istəyi qonşu dövlətlərlə danışıqlar yolu ilə mehriban münasibətlər qurmaq, onlarla xoşniyyətli qonşu kimi yaşamaq, mövcud olan birgə ilişkilərdən yalnız xalqlarımızın rifahı naminə qarşılıqlı şurətdə istifadə etməkdir.

Azərbaycan tərəfi bu cavabdan razı qaldı və ayıq-sayıq olmaq, ehtiyatı əldən verməmək barədə ölkədə adda-budda səslənən çağırışlara daha məhəl qoymadı.

Nəticədə isə, Hakimiyyətin inanmadığı bir hadisə baş verdi. Aparılan danışıqlar sona çatmaq üzrə  ikən, bolşeviklər Azərbaycan sərhəddindəki Yalama stansiyasını tutdular.

Azərbaycan Hakimiyyəti bolşeviklərə inandığından, umumiyyətlə onlarla dava etməyə hazırlaşmadığına görə bütün hərbi qüvvələrini əsasən Ermənistanla sərhəddə cəmləşdirmişdi. Hadisələrin belə inkişafını görən Azərbaycan e`tiraz səsini qaldırdı, yaranmış vəziyyətlə əlaqədar olaraq Moskvaya sorğu göndərdi və bolşeviklərin sərhəd zonasında fəaliyyət göstərən hərbi komandanının yanına nümayəndə heyəti yolladı.

Nümayəndə hey`ətinə deyildi ki, atılmış bu addımlar strateji məqsəd daşıyır, belə ki, söz-söhbət gəzir ki, Azərbaycan ruslarla davaya hazırlaşır və bu savaşda İngiltərəni də müttəfiq kimi köməyə çağırmaq fikri var. Ona görə də, Yalama stansiyasını strateji məqsədlə tutmağa məcbur olublar və əyər, həmin söz-söhbətlərin, gəzən şaiyələrin  əsassız olduğu mə`lum olarsa, bolşevik hissələri stansiyanı tərk edib geri çəkiləcəklər.

Nümayəndə hey`əti qayıdıb Bakıya çatmağa macal tapmamış, gəlib xəbər yetişdi ki, artıq bolşeviklərin zirehli qatarı Bakıdan dörd saatlıq yol məsafəsində yerləşən Dərbəndi də tutub.

Moskvadan isə heç bir cavab gəlmirdi.

Onların qabağını kəsmək üçün, həmin şəraitdə səfərbər olunması mümkün olan hərbi qüvvələr oraya göndərildi. Həmin qüvvələr dördüncü hərbi polkdan və ikinci hərbi polkun bir batalyonundan, bir də ki, kiçik bir könüllü atıcılar dəstəsindən ibarət idi.

Bu qüvvələrə öncədən rusların aralarında təbliğat apardıqları türk zabitləri komandanlıq edirdilər. Göndərilən qüvvələrin bir qismi bolşeviklərin tərəfinə keçdi, digər hissəsi də döyüşdə pərən-pərən salındı və yalnız yerdə qalan kiçik bir qrup isə Bakının on üç verstliyində yerləşən Biləcəri stansiyasına çəkilməyə birtəhər macal tapa bildi.

Bakıya giriş yolu  bolşeviklər üçün artıq açıq idi.

2.Bir yanda  danışıqlar aparır, o biri yandasa  öz işlərini görürlər.

Bu zaman bolşeviklər revkomlar yaradaraq şəhərdə növbə ilə keşik çəkir və əhali arasında vərəqələr yayırdılar. Həmin vərəqələrdə hakimiyyətin onlara verilməsini tələb edir və göstərirdilər ki, yalnız onlar, – bolşeviklər Rusiya Sovet hökumətilə razılığa gələ bilərlər, yalnız onlar rusların Qızıl Ordusunun Azərbaycana girməsinin qabağını almağa və Moskvanın Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməməyə qadirdirlər. Digər vərəqələrdə isə çağdaş Hakimiyyətin buraxdığı bütün səhvlər, xalqa qarşı gördüyü günah işlər sadalanır və Hakimiyyət ən müxtəlif təhqiredici sifətlərlə hallandırılırdı.

Belə ağır və mürəkkəb şəraitdə Parlament iclası çağırıldı. İndi Parlament üzvləri arasında bolşeviklər də peyda olmuşdular ki, Parlamentdən Hakimiyyətin qan tökülmədən onlara verilməsini və dağılmağı tələb edirdilər. Deyirdilər ki, onlar Sovet hakimiyyəti quracaqlar. Onların fikrincə, müqavimət göstərmək əbəs idi. Belə ki, guya Azərbaycan rusların Bakıya girməkdə olan Qızıl Ordusunun qabağını ala bilməyəcək, nahaq yerə qan töküləcək, xalqın var-dövləti yerlə yeksən ediləcək və ola bilsin ki, onda Azərbaycanın əlahiddə bir dövlət kimi özünün varlığına da son qoyula bilər.

Hakimiyyətin  təhvil verilməsinin əleyhinə olanlar isə deyirdilər ki, axıradək mübarizə aparmaq, bolşeviklərə təslim olmaqdansa, hətta, Ermənistanla barışmaq və Gücüstandan kömək istəyib sona qədər vuruşmaq lazımdır.

Belə kəskin mübahisələr uzun çəkdi. Nəhayət, gecə saat on ikidə top atışmaları eşidildi. Bolşeviklərin zirehli qatarı Biləcəriyə yaxınlaşırdı və yaxınlaşdıqca stansiyanı atəşə tuturdu.

Bu atəş səsləri sonrakı hadisələrə başlamaq üçün həm də bir siqnal idi. Belə ki, bundan iyirmi dəqiqə ötər-ötməz, yerli bolşeviklər „yaçeykasının” sədri Hüseynov[1] Parlament binasına gəldi və iclas edənlərə belə bir ultimatum verdi:- əyər, hakimiyyəti Parlament iyirmi dəqiqə ərzində bolşeviklərə təhvil verib dağılmazsa, onda Parlament binası hərbi gəmilərdən atəşə tutulacaq. 

Doğrudan da, elə bu vaxt xəbər gəldi ki, türk zabiti İldırım paşanın[2] komandanlıq etdiyi hərbi dəniz donanması qırmızı bayraq qaldırmış və bolşeviklərin tərəfinə keçmişdir.

Parlamentin dağılmaqdan savayı başqa bir çıxış yolu qalmamışdı və Parlament belə də etdi.

Parlamentin Sədri və bəzi nazirlər maşınlarla təcili olaraq Bakıdan çıxıb Tiflisə getməyə macal tapdılar. Qalanları isə səhər həbs edildilər.

Şəhər yuxudan oyanıb gördü ki, bolşeviklər Hakimiyyəti artıq ələ keçiriblər.

Hər yanda qırmızı bayraqlar qaldırılmış və saysız-hesabsız miqdarda cürbəcür müraciətlər, transparantlar asılmışdı; şəhərin bütün küçələrilə növbənöv komissarlar və təpədən dırnağadək silahlanmış fəhlələr maşınlarda şütüyürdülər.

Orda-burda yeniyetmələr, fəhlələr dəstə-dəstə yığışırdılar. Arabir küçələrdən zirehli maşınlar ötüb keçirdi. Amma, Ordu hələ yox idi. Ordu şəhərə ertəsi gün gəlib töküldü.

Yalnız yerli azərbaycanlı bolşeviklərdən ibarət olan və təzəcə təşkil edilmiş revkomun ilk növbədə atdığı addım bu oldu ki, onlar Moskvaya – Leninə teleqram göndərdilər və yalandan bildirdilər ki, Bakıda Hakimiyyəti müqavimət görmədən öz əlinə almış Azərbaycan xalqı onu və Trotskini öz rəhbərləri kimi tanıyır və təbrik edirlər. Eyni zamanda həmin teleqramda göstərirdilər ki, qırmızı inqilab Azərbaycanında əksinqilabın baş qaldırmaq təhlükəsi olduğuna görə, həmişə zəhmətkeşlərin azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparan rus qardaşların Qızıl Ordusunu, həmin əksinqilabın yeddibaşlı əjdahasını əzmək üçün Azərbaycana köməyə çağırırlar.

Bu xəbər göndəriləndə rus hərbi hissələri Milli Hakimiyyəti artıq devirmişdilər, amma, həmin teleqram diplomatik nöqteyi nəzərdən Moskva üçün vacib idi ki, dünyaya göstərsinlər ki, guya bolşeviklər Bakıya öz təşəbbüsləriylə yox, yerli xalqın və zəhmətkeşlərin də`vəti ilə gəliblər.

Bolşeviklərin kənardan belə addımlar atacağını, hadisələrin bu cür inkişafını gözləməyən və ona görə də Bakıdan qaçmağa macal tapmamış polyak, ingilis, fransız, gürcü və italyan diplomatik missiyaları elə həmin gün həbs edildilər. Latışların səlahiyyətli nümayəndəsini də içəri salmaq istəyirdilər, amma, o, gizlənib canını xilas edə bildi, nə qədər axtarsalar da onu  tapa bilmədilər. Elə həmin gün görkəmli rus, yəhudi və erməni xadimləri, eləcə də müxtəlif xalqların milli komitələrinin bütün üzvləri və sədrləri həbsə alındılar. Hətta, eserlər partiyasının komitə üzvləri və onların „Trudovoye Znamya” qəzeti redaksiyasının bütün əməkdaşları da daxil olmaqla, eserlərin çoxdan Sovet hakimiyyətini qəbul etmələrinə və məhz, o cür bir hakimiyyətin Azərbaycana gəlişinin arzusunda olduqlarını gizlətməmələrinə baxmayaraq, onlar hamılıqla həbs olundular. Bütün tanınmış sosial demokratların da aqibəti eyni cür oldu.

18-20 yaşlı dəliqanlı cavanlardan, bəzən də həddi – büluğa çatmamış uşaq-muşaqdan təşkil olunmuş „çrezvıçaykalar” kimi tuturdularsa, hamısını yaxasından yapışıb birbaşa həbsxanaya soxurdular.Həmin gün inqilabi hakimiyyətin həbslər aparmaqdan başqa bir işi – peşəsi olmadı.

Həmin gün və ertəsi gün küçələrə və meydanlara tökülən kütlələr yuxarıda göstərilən səbəb üzündən özlərini farağat aparırdılar. Desəm ki, tacir və istehsalçılar da daxil olmaqla, onların çoxusu sevinirdilər, səhv etmərəm. İş adamları fikirləşirdilər ki, indi ruslarla açılmış əlaqələr nəticəsində sənaye bərpa olunub dirçələcək.

Azərbaycanlıların narahat olmağa əsası yox idi, belə ki, revkomun adından yalnız azərbaycanlı komissarlar tərəfindən imzalanmış müraciətlər yayılırdı. Amma, kütlələr bilmirdilər ki, o kağızları imzalamış komissarların böyük əksəriyyəti, heç özləri onda Bakıda deyildilər.

Qoyulmuş qayda-qanun nə həmin, nə də ertəsi gün pozulmadı. Heç kəs öz həyatında elə bir dəyişiklik gözləmirdi.

Dövlət idarələrində və müxtəlif müəssisələrdə çalışan qulluqçulara yerlərində qalmaq və vəzifələrini davam etdirmək əmr olunmuşdu.

Elə o günlərdə, Tiflisdə, bolşeviklərə qarşı fəaliyyət göstərən mühacirət Hökuməti yaradıldı. Daha dəqiq desək, bu Hökumət, bolşeviklərin caynağına keçməməkdən Bakıdan aradan çıxmaqla müvəffəq olmuş və bununla da canlarını bir təhər qurtara bilmiş keçmiş Milli Hakimiyyət üzvlərindən təşkil olunmuş Hökumət idi. Və bu Hökumət onun belə aldadılması ilə bağlı olaraq, Moskvaya, Rus Hökumətinin hərəkətlərindən təəssüfləndiyini bildirən etiraz notası göndərdi.

Gürcüstan Hakimiyyəti də Moskvaya nota yolladı. Həmin notada  bolşeviklərin müharibə elan etmədən Bakıya soxulmasaına qarşı və burada Gürcüstanı təmsil edən adamları həbs etdikləri üçün, Gürcüstanın Azərbaycan ərazisindəki paravoz və qatarlarını ələ keçirdiklərinə görə onlara etiraz olunurdu.

Moskva bu notalara dərhal cavab verdi. Azərbaycan Hakimiyyətinin xilas ola bilib Tiflisdə yığılmış keçmiş üzvlərinə həmin cavab notasında deyilirdi ki, Moskva Sovet hakimiyyəti müstəqil Azərbaycanın daxili işlərinə heç bir vaxt müdaxilə etməyib. Belə ki, Azərbaycan xalqı özü ayağa qalxmış və onu qane etməyən yarıtmaz bir hakimiyyəti dağıtmış, əvəzində özünün istədiyi bir hakimiyyət qurmuş və qayda-qanun yaratmışdır. Ona görə də, Moskva özünü günahkar saymır. Beləliklə, Moskva Sovet hakimiyyəti heç kəsi allatmayıb və danışıqları da kəsməyib, belə ki, təzə Hakimiyyətin təmsilçiləri ilə danışıqlar aparmaqda davam edir. Doğrudur, daxili qarşıdurma şəraitində və toqquşmalar zamanı xalqın milli sərvətlərinin məhv ediləcəyindən ehtiyat edərək, hansı ki, həmin sərvətlər Rusiyanın da bərpası üçün çox vacibdir, Azərbaycan xalqının öz xahişi ilə Moskva oraya hərbi qüvvələrini göndərmişdir. Amma, həmin qüvvələrə göstəriş verilmişdir ki, daxili işlərə qarışmasınlar və yeni həyat quruculuğuna mane olmasınlar, yalnız və yalnız həm Azərbayacan, həm də ki, Rusiya üçün çox vacib olan neft sərvətlərini qorusunlar.

Gürcüstan Hakimiyyətinə də cavab verildi ki, müstəqil Azərbaycan ərazisində baş vermiş hadisələr üçün, Moskva Sovet hakimiyyəti cavabdah deyildir və bunun üçün günahkar sayıla bilməz. Etdiyi addımlar ucbatından, üzə çıxan bütün nəticələrə görə məsuliyyət tamamilə Azərbaycan Cümhuriyyətinin üzərinə düşməlidir. Gürcüstanın özü iləsə Moskva Sovet hakimiyyəti heç bir zaman sülh münasibətlərini pozmamış və bundan sonra da pozmaq fikrində deyildir.

Sovet Hakimiyyəti bu cür onda danışırdı ki, iyirmi min hərbçidən ibarət olan XI Qızıl Ordu o vaxt artıq Bakıda dururdu və Gürcüstana girməyə hazırlaşırdı.

Gürcüstan Moskvanın danışdığı sözlərin və verdiyi vədlərin nə olduğunu yaxşı bildiyi üçün, güclü müqavimət göstərməyə hazırlaşırdı; bütün ölkədə hərbi vəziyyət  və ümumi səfərbərlik elan olunmuşdu, ölkənin hüdudlarında yerləşən körpülər partladılmışdı və hərbi qüvvələr sərhəd rayonlarında cəmləşdirilirdi. Amma, bütün bunlara baxmayaraq, bolşevik hərbi qüvvələrinin hərəkət istiqamətini dəyişməyə məcbur etmiş Azərbaycan xalq üsyanları başlanmasaydı və Polşa cəbhəsi açılmasaydı, Gürcüstan yəqin ki, onda həmin qüvvələrin qabağında dura bilməzdi.

3.Burjua  xürafatçılığı, burjua cəfəngiyyatı.

Hələ müstəqil Azərbaycan ilə Moskva arasında danışıqlar gedərkən, bolşeviklər mart ayının dördündə rus milli komitəsinin sədri P-kinin yanına[3] iki səlahiyyətli nümayəndəsini göndərmişdilər: onlardan birisi Azərbaycan hava qüvvələrinin rəhbərliyində xidmət edən türk zabiti Əfşar xan idi, digərininsə familiyası yadımda qalmayıb. Onlar bilmək istəyirdilər ki, bolşeviklər Bakıya gəldikdən sonra rus ictimaiyyəti və rus milli komitəsi buna necə münasibət bəsləyəcək və hansı mövqeni tutacaq. Gələn nümayəndələr heç gizlətmirdilər ki, bolşeviklər bu və ya digər yolla may ayının birinə kimi Bakını tutacaqlar. Sədr P-in bu suala komitənin idarə hey`ətində müzakirədən sonra cavab veriləcəyini bildirdi və martın beşində iclas çağırıldı. İdarə hey`ətinin iclasında qərara alındı ki, 1) Azərbaycan Hakimiyyəti ölkədə rusların təsirini var qüvvəsi ilə məhv etməyə çalışdığı üçün, 2) Rusiyanın bərpa olunmasında və sənayesinin genişləndirilməsində Bakının rolu çox vacib olduğuna görə bolşeviklərin Bakını tutmaları məqsədəuyğundur. 3) Hal-hazırda yalnız Sovet  hakimiyyəti yenilik gətirmək qabiliyyətinə malik olduğu üçün, rusların hakimiyyəti Rusiyadan ayrılmış ucqarları birləşdirməyə sə`ylər göstərdiyinə görə, Moskvanın buradakı məqsədlərinə dəstək verilməli, bolşeviklər Bakıya gəldikdən sonra var qüvvə ilə onlara bütün işlərdə əməli kömək göstərilməlidir. 4) Bolşeviklərin Bakıya gəlməsinə qədər isə, „Qolos Rossii” adlı gündəlik qəzetdə Azərbayacan Hakimiyyətinə qarşı güclü təbliğat aparılmalı və onu xalqın gözündən salmaq üçün iş görülməlidir.

Bu qərar sözügedən Əfşar xana təqdim olundu və onun bir nüsxəsi də Bakı konsulluğunun arxivindədir.[4]

Qeyd etmək lazımdır ki, Rus milli komitəsinin idarə heyətinin bütün üzvləri sözün əsl mənasında, xalis „kadet” idilər və həmin adamlar bolşeviklərin düşmənləri kimi ad çıxarmışdılar. Yalnız bunu demək kifayətdir ki, onların sədri P-kin bolşeviklərin gəlməsindən sonra, canını güllələnməkdən ancaq gizlənməklə xilas edə bildi, idarə hey`ətinin digər üzvü admiral Leontaviç isə „çrezvıçaykanın” sərəncamı ilə güllələndi. Bolşeviklər bu adamlara indiyə qədər onların Könüllü qüvvələrin lehinə gördükləri işləri bağışlamaq fikrində deyildilər.

Bolşevik diplomatlarının hiyləgər fəaliyyətini əyani şəkildə xarakterizə edən faktlardan biri də budur ki, Rusiyaya neft daşınma işinin böyük ustası olan Dosser[5] əvvəlcədən, – hələ martın 6-da artıq səlahiyyətli nümayəndə tək Qafqaza göndərilmişdi və o, özü ilə bütün neft sənayesini milliləşdirmək üçün  hazırlanmış plan layihəsini də götürmüşdü. Bakıya Dosser yalnız mayın 5-də gəlib çıxa bildi.

Həm bu, həm də yuxarıda qeyd olunmuş faktlar bolşeviklərin əslində yürütdükləri siyasəti başa düşməyə kifayət qədər inandırıcı imkan verir və onlara hansı dərəcədə əməllərinə baxıb yox, sözlərinə görə inanmaq olarsa, onu olduqca aydın göstərir.

Moskvada olarkən təsadüfən bir gürcü ilə görüşdüm. Mən onu hələ müharibədən qabaq tanıyırdım, bir yerdə işləmişdik. İndi isə o, artıq Zaqafqaziya üzrə komissar „tovariş” K-lakr. olmuşdu və „qımızı Moskvaya” qısa bir səfərə gəlmişdi. Onunla Zaqafqaziya barədə, Azərbaycan və Gürcüstanla bağlı söhbətlər etdik, bolşeviklərin Litva ilə bağladıqları sülh müqaviləsi[6] haqqında fikrini xəbər aldım.

Onun cavabı təxminən belə oldu:

-Hal-hazırda Rusiya xəstədir və bolşevik hakimiyyətinin vəziyyəti də olduqca ağırdır. Ona görə də, Rusiya müqavilə bağlamaq istəmədiyi ölkələrlə vaxtaşırı „kiçik və ya böyük Brest sülh müqavilələrini” bağlamağa məcburdur ki, nəticədə, bir qədər rahat nəfəs alıb özünə gələ bilsin. Amma, bolşeviklər yaxşı anlayırlar ki, Rusiyada onların hakimiyyəti, bolşevik idarə üsulu və qoyduqları qayda-qanun yalnız o vaxt yaşaya bilər ki, Rusiyadan daha varlı və sənaye cəhətdən daha inkişaf etmiş digər Avropa dövlətlərində də oxşar idarə üsulu olsun. Əks təqdirdə bolşeviklər məhvə məhkumdurlar və onda, onlarla birgə Rusiya da süqut edər. Çünki, bolşeviklər Rusiyada onların hakimiyyətini qəbul etməmiş və güclü müqavimət göstərmiş peşəkar kadrları qırıblar. Amma, həmin adamlar Rusiyanın ən qabaqcıl şəxsləri, burjuaziya idarə üsulunun ən yaxşı məmurları və öz işlərini gözəl bilən qulluqçular idilər. Əyər, burjuaziya hakimiyyəti bərpa olunarsa, ölkəni dirçəltmək üçün kifayət qədər işçi qüvvəsi artıq yoxdur. İndiki idarə üsulunu qurmaq üçün çalışmış bolşeviklər isə, onda fayda əvəzinə daha çox ziyan vura bilərlər. Rus xalqı özünü xilas etmək naminə bütün qüvvələrini axıradək səfərbər etməli, bütün Avropada öz ideyalarını yaymalı, mümkün olan hər yerdə Sovet hakimiyyətini yeritməlidir. Bolşeviklər inanmırlar ki, Avropada proletariat yalnız öz ideyaları hesabına qələbə çala bilsin, bunu etmək üçün onlara fiziki cəhətdən dəstək vermək lazımdır. Bu baxımdan, Litva və Polşa Avropaya girməyimiz üçün əlverişli bir yarıqdır. Ancaq, Polşaya üstün gələ bilməyimiz sual altındadır. Litva isə,  şəksiz-şübhəsiz ki, bolşevik qüvvələrinin qabağında durub müqavimət göstərə bilməz. Əlbəttə ki, bolşeviklər bağlanmış sülh müqaviləsini pozmayacaqlar, amma, onlara Minskdə, və yaxud „Litovskimi” adlandırılan başqa yerlərdə „Müstəqil Sovet Litvasını” yaratmağa heç kəs mane ola bilməz. Məlumdur ki, onda „Sovet Litvası” burjuaziya Litvasına qarşı mübarizəyə qalxacaq. Aydındır ki, əksinqilabi Litvada burjuaziyanın caynaqlarında əzab-əziyyət çəkən zəhmətkeşləri xilas etməkdən ötrü, „Sovet Litvasının” öz qüvvəsi çatmadığına görə, o, kömək üçün müraciət edəcək. Ondan sonra, artıq Moskva Sovet hakimiyyətinin işidir ki, həmin „Müstəqil qızıl Litvada” könüllü qüvvələr də, hərbi sursat da kifayət qədər olsun. Onda, Rusiya Sovet hakimiyyətini Litva xalqının daxili işlərinə müdaxilə etməkdə kim taxsırlandıra bilər?

Antantanın Zaqafqaziya ilə necə fərtar etdiyini yadımıza salsaq, kimin qalib gələcəyinə daha şübhə etmək lazım gəlmir. Antanta hərbçiləri birinci bolşevik qızıl əsgəri görünənə kimi silahlarını cingildədib meydan oxuyurdular. İlk bolşevik əsgəri gələndən dərhal sonra isə, onlar hər yerdə, – istər Aşqabadda və Petrovskda, Bakıda və Ənzəlidə, istərsə də Odessa və Riqada olsun,- dəyənək yemiş yiyəsiz it kimi quyruğunu ayaqlarının arasına qısaraq və şəraitdən asılı olaraq, əsgərlərini gəmilərə və yaxud maşınlara tələm-tələsik doldurub, dabanlarına tüpürərək aradan cırırdılar və uzaqdan uzağa yenidən silahlarını cingildədib kişilik edirdilər.

Mən ona dedim ki, bolşeviklər az-maz əlaqələr qurmaq istədikləri ölkələrlə belə hörmətsiz  rəftar etməklə, həmin ölkələrin etimadını itirə bilərlər.

Komissar isə mənim bu sözlərimə gülərək dedi:

-Mənim fikrimcə, əyər, hər kəs siyasətdə bir inama qulluq etməyə məcbur edilməyibsə, deməli, o kəs siyasətdə heç nəyə inanmır. Odur ki, kütlələri həqiqətən siyasətə inandırmaq olar. Litvanın da bir kütlə kimi buna inanmaqdan savayı başqa çıxış yolu qalırmı? Əlbəttə ki, Litva özünü elə göstərəcək ki, guya, o, bağlanmış sülh müqaviləsinə inanır…

O, sonra qeyd etdi ki, bu dedikləri yalnız onun öz fikirləridir və ola bilsin ki, həmin hadisələr heç bir vaxt baş verməsin və əyər, baş versə də, nə bu gün, nə də ki, sabah baş versin. Bolşeviklərə nəfəsini dərmək üçün, azdan-çoxdan özlərinə gələnə qədər, hələlik başqa bir mövqedə durmaq lazımdır…

Mən danışanda ki, axı, proletariata bu cür ikiüzlü siyasət yeritmək yaraşmaz, onda, həmin komissar sözümü kəsərək, öz fikrini qətiyyətlə belə axıra çatdırdı:

-„Yaraşar”, ya „yaraşmaz”, – bunların hamısı burjua uydurmaları, burjua cəfəngiyyatıdır. „Ölüm-dirim” mübarizəsini aparanlar isə, burjuanın bu cəfəngiyyatına riayət etməyi  öhdəsinə  götürməyə məcbur deyillər…

Oçerk Litva Respublikasında o illərdə nəşr olunan „Tauta”(„Millət”) qəzetinin 1920-ci il avqust ayının 34(43), 35(44), 36(45) saylarında çap edilmiş və oradan götürülmüşdür.     

Litva dilindən tərcümə edəni: MAHİR  HƏMZƏYEV.

El. poçtu: azerbendrija@tbn.lt

Vilnüs, aprel – may, 2007-ci il.


[1] Azərbaycan SSR İnqilab Komitəsi Sədrinin müavini, sonralar Xalq Xarici İşlər Komissarı olmuş Mirzə Davud Bağır oğlu Hüseynov (1894 – 1938) nəzərdə tutulur. – Tərcüməçi.

[2] Azərbaycan SSR – nin ilk Xalq Hərbi dəniz Komissarı Çingiz İldırım(1890 – 1937) nəzərdə tutulur.- Tərcüməçi.

[3] Bakı Rus Milli Şurasının sədri, Rusiya kadetlər partiyası Bakı şöbəsinin sabiq sədri, Bakı şəhər Dumasının keçmiş deputatı Mixail Floroviç Podşibyakin (1884 – 1963) nəzərdə tutulur. – Tərcüməçi.

[4] Litvanın 1919-1922-ci illərdə Bakıda fəaliyyət göstərmiş konsulluğu nəzərdə tutulur. – Tərcüməçi.

[5] Bakıda neft sənayesinin sovetləşdirilməsinin ən fəal iştirakçılarından biri olan Zinoviy Nikolayeviç Dosser (1882-1938) nəzərdə tutulur. Millətcə rusdur. Rusiyanın Perm şəhərində anadan olub. Stalin repressiyaları nəticəsində 14 iyun 1938-ci ildə güllələnib. 8 avqust 1956-cı ildə bəraətləndirilib. – Tərcüməçi.

[6] Sovet Rusiyası ilə Litva Respublikası arasında 1920-ci ilin iyulun 12-də imzalanmış sülh müqaviləsi nəzərdə tutulur: – Tərcüməçi.

2010.04.26

print

Prisijunkite prie diskusijos

El. pašto adresas nebus skelbiamas. Būtini laukeliai pažymėti *